Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib: Türk dünyasının təhsil körpüsü daha da möhkəmlənir
Bakıda Özbəkistan universitetlərinin III Təhsil Sərgisi keçirilib. Tədbir “İngla İnternational ETC”, Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub. Sərgi Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş mühüm platformalardan biri kimi böyük maraqla qarşılanıb.
Tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, universitet nümayəndələri, tələbələr, abituriyentlər, valideynlər və media təmsilçiləri iştirak ediblər. Sərgi çərçivəsində Özbəkistanın dövlət və özəl ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycan gənclərinə təhsil imkanları, qəbul qaydaları, beynəlxalq proqramlar və tələbə həyatı barədə ətraflı məlumat veriblər.
Təhsil sərgisi təkcə universitetlərin təqdimatı deyil, həm də Türk dünyasının ortaq gələcəyinə xidmət edən mühüm platformadır.
Tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Azərbaycan və Özbəkistan tarixən dost və qardaş dövlətlər olub:
“Uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet hakimiyyəti illərində bu münasibətlərin inkişafına müəyyən maneələr yaradılmışdı. Lakin hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra əlaqələr yeni mərhələyə qədəm qoydu və sürətlə inkişaf etməyə başladı. Bu münasibətlərin inkişafında xalqlarımızın, xüsusilə ziyalıların, jurnalistlərin və gənclərin böyük rolu var”.
Deputat qeyd edib ki, bu gün keçirilən təhsil sərgisi təkcə universitetlərin təqdimatı deyil, həm də Türk dünyasının ortaq gələcəyinə xidmət edən mühüm platformadır.
Anar İsgəndərov əlavə edib ki, dövlət başçıları arasında mövcud olan yüksək münasibətlər xalqlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə ciddi təsir göstərir:
“Bu və bu kimi tədbirlər göstərir ki, yüz illərdir arzuladığımız Türk dünyası artıq böyük gücə çevrilir. Təhsil isə bu birliyin əsas sütunlarından biridir”.

“Bu gün həm də bayramdır”
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında tədbiri Türk dünyasının təhsil bayramı kimi qiymətləndirib:
“Bu gün həm də bayramdır. Türk dövlətləri arasında münasibətlər yüksək səviyyədədir və son illər bu əlaqələr daha da inkişaf edib. Azərbaycanla Orta Asiya ölkələri, ümumilikdə Türk dünyası arasında münasibətlər yeni mərhələyə daxil olub. Bu proses təhsil sahəsində də açıq şəkildə hiss olunur”.
Deputat bildirib ki, belə sərgilər gənclərin yeni imkanlarla tanış olması baxımından mühüm əhəmiyyət daşıyır:
“İngla Schoolun təşkil etdiyi bu sərgilərin artıq ənənə halını alması sevindiricidir. İnanırıq ki, bu layihələr gələcəkdə daha geniş miqyas alacaq. Hər birimiz Türk dünyasının inteqrasiyası prosesinə öz töhfəmizi verməliyik”.

“Bu sərgi də Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da inkişafına ciddi töhfə verəcək”.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov çıxışında Türk dünyasının birliyinin əhəmiyyətindən danışıb.
O, Prezident İlham Əliyevin “Bizim Türk dünyasından başqa ailəmiz yoxdur” fikrini xatırladaraq bildirib ki, bu ideya gündəlik fəaliyyətlərdə də öz əksini tapır:
“Humanitar sahədə əməkdaşlıq sürətlə inkişaf edir. Təhsil, elm, mədəniyyət və gənclər sahəsində əlaqələrin genişlənməsi Türk dünyasının gələcəyinə xidmət edir. Ümid edirəm ki, bu sərgi də Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da inkişafına ciddi töhfə verəcək”.

“Təhsil əməkdaşlığı yeni mərhələyə keçir”
Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışında Özbəkistanın təhsil sistemində son illərdə ciddi inkişafın müşahidə olunduğunu bildirib.
Onun sözlərinə görə, qarşılıqlı tələbə mübadilələri və birgə layihələr iki ölkə arasında münasibətlərin möhkəmləndiyini göstərir:
“Özbəkistan Azərbaycan təhsil müəssisələrinə böyük maraq göstərir. Eyni zamanda Azərbaycan gəncləri də Özbəkistan universitetlərinə maraq göstərirlər. Tələbə mübadilələri və ortaq proqramlar bunu sübut edir. Hesab edirəm ki, qarşıdakı illərdə əməkdaşlığımız daha da genişlənəcək”.

Özbəkistanın müasir təhsil imkanları təqdim olunub
Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Atabek Ramazanov bildirib ki, Azərbaycanda Özbəkistanın ali təhsil potensialını təqdim etmək onlar üçün böyük qürurdur.
O qeyd edib ki, son illərdə Özbəkistanda təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir:
“Özbəkistanda ali təhsil sistemi innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə sürətlə inkişaf edir. Universitetlərimiz Azərbaycan gənclərinə təkcə keyfiyyətli təhsil deyil, həm də qonaqpərvər, müasir və zəngin akademik mühit təqdim etməyə hazırdır”.
Ramazanov vurğulayıb ki, son illərdə Özbəkistanda təhsil alan tələbələrin sayı bir sıra istiqamətlər üzrə 10 dəfə artıb:
“Hazırda Özbəkistanda təhsil almaq istəyənlərin sayı 5 min nəfəri ötüb. Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, bu gün qurulan təhsil əlaqələri gələcəkdə həm Azərbaycanda, həm də Özbəkistanda yeni alimlərin, mühəndislərin, sahibkarların və dövlət xadimlərinin yetişməsinə töhfə verəcək.

16 universitet və onlarla rəsmi nümayəndə
Bu il keçirilən sərgidə Özbəkistanın 16 ali təhsil müəssisəsi iştirak edib. Onların sırasında Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti, Daşkənd Dövlət Tibb Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Termez Dövlət Pedaqoji İnstitutu, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti, Əndican Dövlət Tibb İnstitutu və digər ali məktəblər yer alıb.
Sərgidə həmçinin xarici universitetlərlə beynəlxalq tərəfdaşlıq əsasında fəaliyyət göstərən Turin Politexnik Universiteti və Daşkənddəki İnha Universiteti də təmsil olunub.
Ümumilikdə sərgidə 20-yə yaxın dövlət və özəl universitet, 50-yə yaxın rəsmi nümayəndə iştirak edib.
Sonda çıxış edən İngla İnternational Education Centre ETC-nin sədri Aytən Məmmədova çıxışçılara təşəkkür edib, sərgi iştirakçılarına uğurlar arzu edib.

Universitet nümayəndələri tələbə və valideynlərlə görüşüb
Sərgi çərçivəsində universitet nümayəndələri tələbə və valideynlərlə birbaşa görüşərək onları təhsil proqramları, ixtisas seçimləri, qəbul qaydaları, yataqxana imkanları, beynəlxalq proqramlar və təqaüd imkanları barədə məlumatlandırıblar.
Çıxış edən nümayəndələr arasında Tursunov Djakhangir, Mukhiddinov Furkat, Yakubov Farrukh və Qayumov Juramirza da olub.
Onlar çıxışlarında Özbəkistanda təhsil almağın üstünlüklərindən danışaraq Azərbaycanlı tələbələrin universitetlərdə yüksək maraqla qarşılandığını bildiriblər.
Tələbə və valideynlərin böyük marağı
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində minlərlə abituriyent və valideyn universitet stendlərinə yaxınlaşaraq qəbul şərtləri, təhsil haqları, ixtisaslar və beynəlxalq diplom imkanları barədə məlumat əldə edib.
İştirakçılar xüsusilə tibb, mühəndislik, aqrar sahə, memarlıq, jurnalistika və informasiya texnologiyaları istiqamətlərinə böyük maraq göstəriblər.
Valideynlər bildiriblər ki, belə sərgilər gənclərin xaricdə təhsil imkanlarını yaxından tanıması üçün vacib platformadır. Tələbələr isə Özbəkistan universitetlərinin həm keyfiyyətli təhsil, həm də münasib sosial mühit təklif etdiyini qeyd ediblər.
Təhsil sərgisi artıq ənənəyə çevrilir
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi ötən il Bakıda təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib. Üçüncü sərginin keçirilməsi artıq bu layihənin ənənə halını aldığını göstərir.
Tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr yalnız siyasi və iqtisadi sahədə deyil, elm və təhsil istiqamətində də sürətlə inkişaf edir. Türk dünyasının ortaq gələcəyinin formalaşmasında isə məhz gənclərin və təhsilin rolu xüsusi əhəmiyyət daşıyır.
Ayhan
19:00 24.05.2026
Oxunuş sayı: 51