Özbəkistan ali təhsil müəssisələrinin Bakı sərgisi təhsil əlaqələrini genişləndirir - Ravşan Rayımjanov
Bakıda keçirilən Özbəkistan ali təhsil müəssisələrinin üçüncü sərgisi iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verən platforma kimi çıxış edir. Sərgi çərçivəsində universitetlər beynəlxalq təhsil imkanlarını, tələbə mübadilə proqramlarını və yeni ixtisas istiqamətlərini təqdim edirlər.
Sərginin əhəmiyyəti barədə Crossmedia.az - a açıqlama verən Özbəkistan Jurnalistikavə Kütləvi Kommunikasiya Universitetinin akademik işlər üzrə prorektoru Ravşan Zakiroviç Rayimjanov burdakı əsas məqsədin tərəfdaşlığın möhkəmləndirilməsi olduğunu bildirib : " Bizim universitet, artıq üçüncü dəfədir ki, bu sərgidə mütəmadi olaraq iştirak edir.
Əsas məqsəd iki ölkə arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, həmçinin hər iki ölkənin prezidentlərinin təhsilə göstərdiyi diqqət nəticəsində tələbə mübadiləsinin genişləndirilməsidir. Yəni azərbaycanlı tələbələrin Özbəkistanda təhsil alması, eləcə də Özbəkistan vətəndaşlarının Azərbaycan ali təhsil müəssisələrində oxuması nəzərdə tutulur.
Əgər göstəricilərə baxsaq, nəticələrimiz ildən-ilə artmaqdadır. Belə ki, ilk ildə cəmi beş tələbə olmuşdusa, bu il onların sayı əlliyə çatıb. Bu da artıq ciddi bir göstəricidir.
Demək olar ki, Özbəkistanın Bakı şəhərində belə sərgilərin təşkil olunması iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün ən vacib addımlardan biri hesab olunur".
Pərvin Hacıyeva
18:30 24.05.2026
Oxunuş sayı: 51