İranın imkanları tükənir: Müharibə hansı şərtlərlə bitəcək?
ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda rəsmi Vaşinqtondan diqqətçəkən açıqlama səslənib. ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatların dayandırılması ilə bağlı aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. Bu açıqlama regionda mümkün sabitlik perspektivləri ilə yanaşı, tərəflər arasında davam edən diplomatik təmasların əhəmiyyətini bir daha ön plana çıxarır.
Bununla yanaşı, Tramp mümkün razılaşmanın əldə olunmaması halında sərt addımların atılacağını da istisna etməyib. O, xüsusilə Hörmüz boğazı üzərindən ticarətin açıq qalmasının vacibliyini vurğulayaraq, əks halda hərbi əməliyyatların davam etdiriləcəyini qeyd edib. Səsləndirilən bu fikirlər regionda təhlükəsizlik məsələlərinin hələ də həssas olaraq qaldığını göstərir.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri Məhəmməd Cəbrayılov Crossmedia.az-a öz münasibətini bildirib:
"Məlum olduğu kimi, artıq bir aydan çoxdur ki, müharibə davam edir. Təbii ki, müharibə ilk mərhələdə başlayanda tərəflər, xüsusilə ABŞ və İsrail tərəfindən səsləndirilirdi ki, bu qarşıdurma bir-iki həftə çəkə bilər. Lakin müharibənin gedişində bu müddət 4–6 həftəyə qədər uzadıldı. İlkin proseslər göstərir ki, bu müharibə daha uzun müddət davam edə bilər. Çünki danışıqlar masasına çıxarılan 15 maddəlik sülh sazişi ilə bağlı elə müddəalar mövcuddur ki, onların İran tərəfindən qəbul olunması mümkün görünmür. İran bu şərtləri əvvəldən də qəbul etməmişdi. Həmin şərtlər arasında nüvə silahından tam imtina, nüvə proqramının dayandırılması, nüvə materiallarının üçüncü ölkəyə təhvil verilməsi kimi tələblər yer alır. Bundan əlavə, İranın regiondakı proksi qüvvələrdən – yəni Hizbullah, HƏMAS, husilər və digər silahlı qruplardan imtina etməsi də əsas şərtlərdən biridir. İran isə açıq şəkildə bəyan edib ki, bu mövqedən geri çəkilməyəcək. Artıq məlumdur ki, fevralın 28-də keçirilən ilk əməliyyatlar zamanı İranın idarəetmə sistemində mühüm rol oynayan şəxslər, o cümlədən yüksək rütbəli komandirlər sıradan çıxarılıb. Sonrakı mərhələdə əməliyyatlar daha da intensivləşdi və hazırda həm hərbi əməliyyatlar, həm də danışıqlar paralel şəkildə davam edir. Bu isə eskalasiyanın artdığını göstərir. Hazırda müəyyən dairələrdə İran ərazisində quru əməliyyatlarının mümkünlüyü ilə bağlı fikirlər səsləndirilir. Lakin hesab edirəm ki, genişmiqyaslı quru əməliyyatlarının başlanması ehtimalı yüksək deyil. Bunun əvəzinə, daha çox xüsusi təyinatlı lokal əməliyyatların həyata keçirilməsi mümkündür".

Onun fikrincə, belə əməliyyatlar əsasən İranın cənubunda yerləşən strateji əhəmiyyətli ərazilərdə – Xark adası, Hörmüz boğazı ətrafı, eləcə də digər mühüm adalarda həyata keçirilə bilər: "Xüsusilə Xark adasının əhəmiyyəti böyükdür.Çünki bu, ərazi enerji daşımalarının və tranzit yüklərin hərəkətinə nəzarət baxımından mühüm mövqedə yerləşir. Eyni zamanda, İranın daxilində – xüsusilə Fordo və Natanz kimi nüvə obyektlərinə qarşı xüsusi əməliyyatların keçirilməsi ehtimalı da mövcuddur. Bu cür əməliyyatların məqsədi nüvə materiallarının ələ keçirilməsi ola bilər. Lakin bu, olduqca mürəkkəb və riskli bir ssenaridir. Buna baxmayaraq, əgər İran danışıqlar masasında nüvə proqramı ilə bağlı kompromisə getməzsə, belə əməliyyatların ehtimalı artır. Digər mümkün ssenari isə Xark adasının ələ keçirilməsi və bununla İranın enerji infrastrukturuna nəzarətin zəiflədilməsidir. Quru əməliyyatları ilə bağlı ən real ehtimallardan biri məhz bu istiqamətdədir. Danışıqların gələcəyinə gəldikdə isə, hesab edirəm ki, İranın bu danışıqlarda iştirak edib-etməməsindən asılı olmayaraq, mövcud şərtlərlə razılaşması belə faktiki olaraq məğlubiyyət kimi qiymətləndiriləcək. Çünki İran artıq ciddi itkilərlə üzləşib. Müxtəlif məlumatlara görə, on minlərlə hərbi və mülki obyekt zərərsizləşdirilib. ABŞ tərəfindən minlərlə, İsrail tərəfindən isə daha çox sayda hədəfin vurulduğu bildirilir və ümumi sayın 20 mindən çox olduğu qeyd olunur. Bu rəqəmlər hər gün artmaqdadır. Bu isə İran iqtisadiyyatına ağır zərbə vurulması, hərbi infrastrukturunun ciddi şəkildə zəiflədilməsi deməkdir. Xüsusilə hərbi dəniz qüvvələri böyük itkilər verib, çoxsaylı hərbi gəmilər və tankerlər sıradan çıxarılıb. Bu, İranın dəniz gücünün faktiki olaraq iflic vəziyyətinə düşdüyünü göstərir. Bununla yanaşı, hava hücumundan müdafiə sistemləri də ciddi şəkildə zədələnib və İranın hava məkanını qoruma imkanları xeyli məhdudlaşıb. İranın əlində qalan əsas resurslar ballistik raketlərdir, lakin onların da ehtiyatları tədricən tükənir".
Müsahibimiz əlavə edib ki, İranın xarici dəstək imkanları da məhduddur: "Çinlə iqtisadi əməkdaşlıq və texnoloji dəstək müəyyən rol oynasa da, bu, müharibənin gedişini köklü şəkildə dəyişmir. Bəzi ehtimallara görə, Çin dolayı yollarla, məsələn Pakistan üzərindən müəyyən dəstək göstərə bilər. Lakin bu dəstəyin miqyası və effektivliyi sual altındadır. Eyni zamanda, Xəzər istiqamətində də nəzarətin gücləndirilməsi müşahidə olunur ki, bu da İranın logistika imkanlarını daha da məhdudlaşdırır. Bütün bunlar onu göstərir ki, İranın bu müharibədən qalib çıxması ehtimalı son dərəcə zəifdir. Əksinə, mövcud şərtlərlə sülhə razılaşması belə strateji məğlubiyyət kimi qiymətləndirilə bilər. Əslində isə İran üçün ən optimal variant bu müharibəyə ümumiyyətlə qoşulmamaq olardı. Yəni, bu münaqişədən kənarda qalmaq İran üçün daha güclü mövqenin qorunması demək idi. Lakin görünən odur ki, İran rəhbərliyi bu prosesdən yayınmağı bacarmadı və nüvə proqramı ilə bağlı iddialar ölkəni ağır vəziyyətə saldı.Proseslərin ümumi gedişi müsbət istiqamətdə deyil. Bununla belə, İran regionumuzun qonşu dövlətidir və orada milyonlarla soydaşımız yaşayır. Bu baxımdan, İranın bu vəziyyətə düşməsi arzuolunan deyil. 2025-ci ilin iyun ayında baş vermiş qısa müddətli qarşıdurma belə göstərirdi ki, bu proseslərin davamı mümkündür və İran bundan nəticə çıxarmalı idi. ABŞ isə dəfələrlə bəyan edib ki, İranın nüvə silahına sahib olması qəbuledilməzdir və bu mövqe müxtəlif administrasiyalar dövründə dəyişməz qalıb. Bu da onu göstərir ki, İranın nüvə proqramı məsələsi ABŞ-nin geosiyasi maraqları ilə ziddiyyət təşkil edir və bu istiqamətdə təzyiqlər davam edəcək. Ümumiyyətlə, hər bir müharibənin sonu danışıqlarla nəticələnir. Lakin hazırkı mərhələdə İranın yaxın zamanda tam şəkildə danışıqlara qayıtması ehtimalı yüksək görünmür. İran hələ də Hörmüz boğazı vasitəsilə enerji daşımalarına təsir göstərmək və region ölkələrinə raket zərbələri endirməklə təzyiq yaratmağa çalışır. Lakin bu alətlər də tədricən zəifləyir. Digər tərəfdən, daxili sabitliyin qorunması da İran üçün əsas çağırışlardan biridir. Bu dayanıqlılıq hələlik müəyyən səviyyədə qorunsa da, uzunmüddətli perspektivdə bunun davamlı olması üçün resursların yetərli olub-olmadığı sual altındadır. Nəticə etibarilə, mövcud proseslər İranın həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan imkanlarının getdikcə məhdudlaşdığını göstərir və bu vəziyyətin uzun müddət davam etməsi real görünmür".
Elmir Heydərli
11:03 02.04.2026
Oxunuş sayı: 244