Heç bir dövr bu bayramı xalqın həyatından silə bilməyib
Novruz bayramı xalqımızın minilliklər boyu yaşatdığı, nəsildən-nəslə ötürdüyü ən qədim və zəngin ənənələrdən biridir. Baharın gəlişini, təbiətin oyanışını simvolizə edən bu əziz bayram birlik, bərəkət və yenilənmə rəmzi kimi bu gün də böyük sevgi ilə qeyd olunur. Tarixin müxtəlif dövrlərindən keçərək günümüzə qədər gəlib çatan Novruz, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrini və həyat tərzini özündə əks etdirən mühüm bayramlardan biri kimi xüsusi önəm daşıyır.
Tarix üzrə fəlsəfə doktoru, dosent, etnoloq Bəhmən Əliyev bayramla bağlı Crossmedia.az-a danışıb:

"Novruz bayramı türk xalqlarının milli bayramıdır, bahar bayramıdır. Bu bayramda ata-babalarımızın təsərrüfat həyatı, ictimai-mifoloji baxışları, mənəvi estetik, fəlsəfi düşüncələri əksini tapır. Bayramlar toplumun birlik və bərabərliyini təşkil və təmin edir, insanlar arasında münasibətləri gücləndirir, qohumluq, xoşgörü atmosferi yaradır.
Novruza işlə, əməklə, ümumi şəkildə xalqın təsərrüfat həyatı ilə bağlı yaranan və mənəvi mədəniyyətin tərkib hissələrindən olan, eyni zamanda tarixin qədim çağlarından dövrümüzədək cilalana-cilalana gələn ayin, mərasim və bayramlara adi məişət aktı, müəyyən sosial-mədəni məzmunlu, əxlaqi-estetik idəyalar ifadə edən sistem kimi baxılmalıdır.
Azərbaycan xalqı indi də hər il həvəslə bu əziz bayramı gözləyir, onu sevinclə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir. Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Qədim zamanlardan Novruzun gəlişi - əmək mövsümünün başlaması idi və insanları sevindirir. Onlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması arzusu ilə müxtəlif nəğmələr yaratmışlar. Bayram mərasimləri, ayinləri, eləcə də burada oxunulan nəğmələr, müxtəlif məzmunlu əyləncələr, göstərilən tamaşalar xalqın sosial durumunu, adət-ənənəsini, məşğuliyyət növlərini və bunlara münasibətlərini əks etdirir.
Qədim türklərin təsərrüfat həyatı ilə sıx bağlı olan Novruz bayramı mifoloji, ilkin inancları, dini, milli dəyərləri özündə cəmləşdirməklə yanaşı, dövlətçilik mərasim və adətləri ilə sıx bağlıdır.
Novruz bayramı nə vaxtsa keçmişdə baş vermiş bir hadisə kimi xatırlanmır, o hər il həqiqətən də yenidən gəlir, çünki o təbiət bayramıdır və buna görə də o hər il bahar ilə birlikdə yenidən həyata qayıdır. Bu zaman hətta Günəşin də rəngi dəyişir, onun hərarəti artır, ilıq nəfəsi duyulur. Soyuq qış günlərindən sonra günün işıqlı vaxtı get-gedə uzanmağa, donmuş təbiət oyanmağa başlayır, qar və buzlar əriyir, torpağın donu açılır, yaranışın əsası olan su axmağa başlayır, sanki təbiət mehriban bir ana kimi hər şeyi yenidən dünyaya gətirir".
B.Əliyevin sözlərinə görə, Novruz bayramının mövsümlə, xalqın təsərrüfat-mədəni və məişət həyatı ilə dərindən bağlılığı o qədər güclüdür idi ki, heç bir müharibə, yeni dini təlimlər, siyasi rejimlər, işğallar bu bayramı azərbaycanlıların həyatından silə bilməyib:
"Bayramın bir sıra mərasim və ayinlərində qədim dünyagörüşlərin izləri, daha aydın sezilməkdədir. Məsələn, çərşənbələrdə tonqalın qalanması, su atma, tonqalın və suyun üstündən tullanma, səməni göyərdilməsi və s.
Novruzda təzə paltar geyinmək, tonqal yandırmaq, tonqalın və suyun üstündən tullanmaq, su sıçratmaq, qovurğa qovurmaq, yumurta boyamaq, ev-eşiyi təmizləmək, səməni böyütmək, plov, şirniyyat bişirmək və bir çox başqa ayin və mərasimlər bu qəbildəndir.
İlin təhvil olmasını bilməkdən ötrü süfrənin ortasına qab dolu su qoyub içinə xırda balıq (balıqların sayı üçdən az olmur) buraxırdı, göz qoyurdular. Balıq qabın dibindən quyruğu üstə düz qalxıb suyun üzünə burun vurunca köhnə ilin qurtarıb təzə ilin başlandığı bilinərmiş. Bu münasibətlə toplardan yaylım atəşi açardılar. Şeypur, təbil səsləri yüksələrək, yeni ilin gəldiyi xəbərini yayardılar. Atəşfəşanlıq başlanardı. Elə ona görə də “Novruzun topu atılan” vaxta “il təhvil oldu” deyərdilər.
“Qılınc və qələm” romanında Novruzun xalqımızın həyatındakı əhəmiyyətini bədii şəkildə təqdim edilir: “Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxana Novruz bayramı mərasiminin başlandığını xəbər verdi....Novruz bayramı mərasiminin başlanması üçün aralıqda su ilə dolu qızıl teştə salınan balıq hələ arxası üstə çönməmişdi. Zəfəran üzərinə oxunacaq və sonra qızıl teştin suyuna qarışdırılacaq qırx yasin oxunub qurtarmamışdı. Baş ruhani zəfəran suyu ilə yazdığı bərəkət duasını yazıb bitirməmişdi. Nəhayət, “balıq arxası üstünə çöndü”, qırx yasin oxunub qurtardı, bərəkət duası zəfəran suyu ilə yazılıb bitdi, təcili surətdə kərənayxanaya xəbər vərildi. Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi”.
Orta əsrlərdə “Novruziyye” və ya “Bahariyyə” adlanan şeirlər qoşulmuşdur.
X əsr alimi Nurşahi buxaralı əkinçilərin Novruzda “Sıyavuş” adlı türkülər oxuduqlarını, Əl- Biruni “Novruz aləmin başlangıcıdır”, İmadəddin Nəsimi “Mövsimi-novruz niysan aşikar oldu yenə”-deyə yazmışdır. Quloglu, Pir Sultan Abdal, Qaygusuz Abdal, Fuzuli, Mahdumkulu, Şəhriyar, kimi sairlərimizin Novruz bayramının tərənnüm etmişlər.
XI əsrdə yaşayıb-yaratmış Baba Tahir öz yaradıcılığında Novruz bayramını vəsf etmişdir:
Aləm yaşıl geyib, yenə yaşıldır,
Düz-dünya gül-çiçək, xoş laləzardır.
Hamıya yaz fəsli Novruz bayramı,
Aşiqin bayramı didarı-yardır
Qətran Təbrizi bir çox şeirlərində baharın gəlişini, Novruz bayramını vəsf edib:
Novruz yelinin ətrindən torpaq ənbərə döndü,
Zəmanə ənbərə bürünmüş torpağı güllərdən
Əlvan ipək parçaya bürüdü.
Qətran Təbrizi deyib:
“Novruz bayramı purazər bayramından əzəmətli olsun”.
Nizami Gəncəvi “Xosrov və Şirin”də Novruz ilə bağlı yazır:
Baharın bu gün var, onun bəhrəsini ye,
Bütün fəsillər Novruz olmur.
Məhəmməd Füzuli gecə-gündüzün bərabərliyi ilə yazın başlanmasını, bununla da Novruz bayramının yetişdiyini poetik şəkildə belə ifadə etmişdir:
Vəslin mənə Novruz gecəsi oldu müyəssər,
Sanki o gecəm gündüz ilə oldu bərabər.
Bu məsələ Abbas Səhhətin dədiklərində daha dəqiqdir:
O gün ki, fəsli yaz olar,
Gecə, gündüz taraz olar"..
Əhməd Cavadın "Yaza xitab" şeirində yazılır:
Novruz çıxıb taxtına,
Güllər düşüb baxtına.
Kosa gəlir qabağa,
Nəzər salır tabağa.
Çörəyi yoxdur Kosanın,
Xörəyi yoxdur Kosanın.
A Kosa, Kosa gəlsənə,
Torbanı doldursana!
Kosa döyür gözünü,
İtiribdir özünü.
Ocaq üstə sac qalıb,
Bütün qışı ac qalıb;
Torbasını uzadır,
Hamı bilir, qaydadır.
Kosaya pay verirlər,
Kosaya hay verirlər.
Boz Keçi – Saqqal Ağa,
Kosanı çəkir sağa,
Deyir doldur torbanı,
Söndür daha sobanı.
Sonra da gəl güləşək,
Dilimizlə yer eşək.
Kosa baxır keçiyə,
Ürəyinə xof düşür, –
Tez aradan sürüşür.
Keçiyə əl edərək,
Qarı Nənə gələrək,
Deyir Qışı ötürdük!
Gedib Yazı gətirdik!
Yaza çıxdı oğlağım,
Qış gözünə barmağım...
Qarının gəlir sözü
Keçinin çox xoşuna
Dövrə vurub – Novruzun
Dolanırlar başına.
Fatimə
11:00 20.03.2026
Oxunuş sayı: 91