Qərb Rusiya ilə bağlı siyasətində nəyi səhv edir?
Müasir geosiyasətdə ən böyük illüziya, iqtisadi dayanıqlığı hərbi güclə əvəz edə biləcəyinə inanmaqdır. 2022-ci ildə Qərbin sanksiyaların dərhal nəticə verəcəyi barədə bəsit tezisləri nə qədər yanlış idisə, Rusiyanın bu təzyiqə sonsuza qədər tab gətirəcəyi iddiası da bir o qədər mifdir. Çünki iqtisadiyyat qəfil partlayan bomba deyil, zamanla içini gəmirən korroziyadır. Bu gün dron hücumları ilə vurulan neft emalı zavodları və inflyasiya spiralı göstərir ki, Rusiyanın manevr imkanları daralır. Dövlət büdcəsinin yarıdan çoxunu müharibə alovuna qurban verən bir sistemin qarşısında indi fundamental bir sual dayanır: Müharibəni dayandırmaq dalana dirənməkdir, yoxsa bu bataqlıqdan "qalib" obrazı ilə çıxmağın yeganə yoludur?"
Məsələ ilə bağlı REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib.
"Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, son zamanlar dron hücumlarına görə neft təchizatının və neft emalının azalması artıq öz təsirlərini kəskin şəkildə göstərməyə başlayıb.

Qərbin əsas səhvi ondan ibarət idi ki, sanksiyaları tətbiq edən kimi - 2022-ci ildə Rusiyanın iqtisadiyyatının dərhal çökəcəyini düşünürdü. Amma buna zaman lazım idi. Bir az təvazökarlıqdan kənar olsa da, 2022-2023-cü illərdə beynəlxalq konfranslardakı çıxışlarımda da bu məsələyə xüsusi diqqət yetirirdim.
Obrazlı desək, Rusiyanın "piyi, yağı" çox idi. Bir müddət həmin o "piyindən", "yağından" "yeyərək" iqtisadiyyatını ayaqda saxlaya bildi. Lakin keçən ilin sonundan başlayaraq iqtisadiyyatda ciddi dalğalanmalar yaşanır. İndi ümumdaxili məhsul demək olar ki, artmır, real gəlirlər yüksəlmir, inflyasiya artır və dövlətin gəlirləri azalır.
Təbii ki, belə bir şəraitdə müharibəni uzun müddət davam etdirmək çətin olacaq. Görünən də odur ki, Rusiya istənilən halda müharibənin dayandırılması, özünün qalib elan olunması şərtlərini və yaxud da bunun üçün yeni imkanları arayır. Hətta dünən ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında növbəti telefon danışığı oldu, qərara gəldilər ki, gələn ilin əvvəlində danışıqlar yenidən bərpa olunsun".
Onun fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, Rusiya müharibədən çıxmaq istəyir:
"Amma elə çıxmaq istəyir ki, öz əhalisinə bunu bir qələbə kimi təqdim edə bilsin. Lakin onun iqtisadi vəziyyəti getdikcə çətinləşəcək, neft-qaz gəlirləri azalacaq. Həm də ona görə ki, ABŞ ilə İran arasındakı anlaşma qüvvəyə minsə və bu anlaşmada hər hansı bir pozuntu olmasa, neftin qiymətində kəskin enmələr baş verəcək. Bu gün neftin qiyməti 83 dollar olub".
Turqut Ansari
14:40 15.06.2026
Oxunuş sayı: 45