Pakistan və Əfqanıstan arasında sərhəddə baş verən toqquşmalar beynəlxalq aləmdə ciddi narahatlıq yaradıb.
Crossmedia.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar hər iki tərəfi münaqişəni dayandırmağa və diplomatik həll yoluna üstünlük verməyə çağırıblar.
BMT-nin baş katibi Antonio Quterreş zorakılığın artmasından narahatlığını ifadə edib və hər iki ölkəni mülki şəxslərin müdafiəsinə üstünlük verərək beynəlxalq hüquqa riayət etməyə çağırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi hər iki tərəfi dialoq və mehriban qonşuluq yolu ilə fikir ayrılıqlarını həll etməyə, həmçinin müqəddəs Ramazan ayı dövründə təmkinli olmağa çağırıb.
Rusiya Federasiyası sərhədyanı hücumların dərhal dayandırılmasını və diplomatik həll yollarının axtarılmasını tələb edib, həmçinin hər iki tərəf razılaşarsa, vasitəçi rolunu təklif edib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaisual Pakistanın hava hücumlarını qətiyyətlə pisləyib və bunun müqəddəs Ramazan ayında baş verməsini tənqid edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə telefon danışığı apararaq münaqişənin gərginliyini müzakirə edib.
Çin Pakistan–Əfqanıstan sərhədindəki artan münaqişədən dərin narahatlığını bildirərək vəziyyətin həllində konstruktiv rol oynamağa hazır olduğunu bəyan edib.