TƏCİLİ: Pakistan Taliban hökumətinə “açıq müharibə” elan etdi
Pakistanın xarici işlər naziri Xavaca Asif ölkənin Əfqanıstandakı Taliban hökumətinə qarşı “açıq müharibə” elan etdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir sosial şəbəkə hesabında “İndi sizinlə açıq müharibə aparacağıq” yazaraq, Əfqanıstan hakimiyyətini “bütün dünyadan terrorçuları cəlb etməkdə” və “terrorçuluq ixracına başlamaqda” ittiham edib.
Pakistanın informasiya naziri Attaullah Tarar sərhəddə baş verən qarşıdurmalarla bağlı açıqlamasında bildirib ki, döyüşlər zamanı azı 133 əfqan əsgəri həlak olub, 200-dən çoxu isə yaralanıb. Onun sözlərinə görə, Əfqanıstan Silahlı Qüvvələrinə məxsus 27 nəzarət-buraxılış məntəqəsi məhv edilib, daha 9-u isə nəzarətə götürülüb.
Açıqlamada tanklar, artilleriya qurğuları və zirehli transportyorlar da daxil olmaqla 80-dən çox hərbi texnikanın zədələndiyi qeyd olunub. Həmçinin Kabil, Paktiya, Nanqarhar və Qəndəharda Talibanın müdafiə mövqelərinə zərbələr endirildiyi bildirilib.
Əfqanıstan tərəfi isə öz növbəsində bu döyüşlərdə 55 pakistanlı hərbçinin öldürüldüyünü iddia edib. Bundan başqa, Əfqanıstan hava məkanında Pakistana məxsus hərbi təyyarənin vurulduğu açıqlanıb.
Əfqanıstan Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Pakistanın iki qərargahı və 19 nəzarət-buraxılış məntəqəsi ələ keçirilib.
Hazırda tərəflər arasında gərginlik davam edir.
12:55 27.02.2026
Oxunuş sayı: 531