Türkiyənin hava gücü planı İsraildə təşviş yaradıb
İsrail mediası Türkiyənin hərbi hava qüvvələrini genişləndirmək planlarını narahatlıqla izləyir.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Ankara "Eurofighter Typhoon" donanmasını 56 təyyarəyə çatdırmağı hədəfləyir. Bu çərçivədə Tranche 4 konfiqurasiyalı, CAPTOR-E AESA radarları və “Meteor” raketləri ilə təchiz ediləcək yeni qırıcıların alınması planlaşdırılır.
İsrail mətbuatında dərc olunan təhlillərdə Türkiyənin sürətləndirilmiş modernləşmə proqramının regionda güc balansına təsir göstərə biləcəyi vurğulanır. Qeyd olunur ki, bu addım İsrailin uzun illər qoruduğu keyfiyyət üstünlüyünə təsir edə bilər.
İsrail müxalifətinin lideri Yair Lapid məsələ ilə bağlı açıqlamasında bildirib ki, “İsrailin fəaliyyət göstərən Xarici İşlər Nazirliyi və ya normal hökuməti olsaydı, bu razılaşmanın irəliləməsinin qarşısını almaq üçün artıq diplomatik yolla müdaxilə edərdi”.
Lapid əlavə edib ki, Türkiyə Yaxın Şərqdə ən böyük və ən güclü donanmalardan birinə malikdir və hazırda hava məkanında İsraillə bərabərlik əldə etməyə çalışır.
Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyə Böyük Britaniya ilə 20 ədəd Typhoon Tranche 4 qırıcısının tədarükünə dair müqavilə imzalayıb. Bundan əlavə, Ankara Qatar və Omandan 12 ədəd Tranche 3A təyyarəsinin alınmasını planlaşdırır. Ayrı-ayrılıqda Qətərdən daha 12 qırıcının alınması məsələsi də gündəmdədir ki, bu da bir il ərzində ümumilikdə 24 Eurofighter Typhoon-un təmin olunmasına imkan verə bilər.
Eyni zamanda, Türkiyənin F-16 Fighting Falcon qırıcılarının “Özgür/Blok 70T” səviyyəsinə qədər modernləşdirilməsi proqramı davam edir. Ekspertlərin fikrincə, bu addımlar Ankaranın hava qüvvələrini qısa müddətdə əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Hazırda İsraildə Türkiyənin artan hərbi imkanlarının regional təhlükəsizlik mühitinə və güc balansına mümkün təsiri ilə bağlı müzakirələr davam edir.
13:58 26.02.2026
Oxunuş sayı: 527