ABŞ administrasiyası Kiyevə ötən ilin sonlarında Rusiyanın Novorossiysk şəhəri yaxınlığındakı neft obyektinə endirilən zərbələrin Qazaxıstandakı Amerika investisiyalarına təsir göstərdiyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, Kiyev ABŞ Dövlət Departamentindən rəsmi diplomatik bildiriş – demarş alıb.
Diplomat bildirib ki, Vaşinqton Ukraynanın Novorossiyskə hücumlarının Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi Amerika investisiyalarına təsir etdiyini qeyd edib və Amerika maraqlarına zərər vura biləcək addımlardan çəkinməyə çağırıb.
Stefanişina vurğulayıb ki, göndərilən məktub Rusiyanın hərbi və ya enerji infrastrukturuna zərbələri qadağan etmir. Onun sözlərinə görə, sənəd yalnız ABŞ-ın iqtisadi maraqlarına mümkün təsirlə bağlıdır və Kiyev bu məqamı nəzərə alıb.
Səfir əlavə edib ki, məktubda ABŞ-ın hazırda Ukraynada Qazaxıstandakı ilə müqayisə edilə bilən iqtisadi maraqlarının olmadığı da qeyd olunub. O, Ukraynanın 35 illik müstəqilliyi dövründə belə imkanlar fonunda oxşar vəziyyətin formalaşmamasından təəssüfünü ifadə edib.
Qeyd edək ki, Qazaxıstan neftinin böyük hissəsi Rusiya ərazisində yerləşən Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac olunur. Həmin layihədə Amerikanın “Exxon” şirkəti də iştirak edir.