ABŞ–İran xəttində ultimatum diplomatiyası: Müharibə realdırmı?
ABŞ–İran münasibətlərində gərginlik yenidən artmaqdadır. ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatları müzakirə etməsi və Tehrana 15 günlük ultimatum verməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Ağ Evdə eskalasiya riskləri ilə diplomatik həll imkanları arasında seçim məsələsi gündəmdə olduğu bir vaxtda, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ehtiyat tədbirləri görməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir. Bu hadisələr ABŞ–İran münasibətlərində yeni və təhlükəli mərhələnin başlanğıcı ola bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, artıq Tramp tərəfindən İrana vaxtın verilməsi halları getdikcə artmaqdadır. Onun sözlərinə görə, reallıq bundan ibarətdir ki, verilən vaxtlar başa çatır, amma deyilən sözlər, verilən vədlər yerinə yetirilmir və bu da həmin silsilədən olan növbəti addımdır:

"Bundan öncə də həftə sonu belə bir xəbər yayılmışdı ki, artıq şənbə günü İran vurulacaq və s. Hətta Amerika hərbi qüvvələrinin hərəkətə gətirildiyi barədə Trampa məlumat verildiyi də iddia olunurdu. İndi isə 15 günlük vaxt verilib və bunun sonunda nə olacağı sual doğurur. Açığı, indiki vaxtda bu vaxt bitəndən sonra təxmini hesablasaq, martın 7–8 tarixlərinə düşür. Həmin tarixlərdə İran vurulacaqmı? Mən güman etmirəm. Bu zaman da başa çatacaq və köhnə hamam, köhnə tas olacaq. Dediyim kimi, İranın bununla bağlı indiyə qədər kifayət qədər vaxtı verilib. Söhbət son iki aydan getmir, uzun illərə dayanan vaxt vermələr də az olmayıb”.
O hesab edir ki, bu addımlar sadəcə İranı nəzarətdə və təzyiq altında saxlamaq məqsədi daşıyır: “Amma mən hər zaman bildirmişəm, yenə də qeyd edirəm ki, Amerika açıq formada İranla savaşa girməyəcək, özü birbaşa İranla savaşın içində olmayacaq və ən yaxşı halda İsrailin əli ilə İrana nələrsə etməyə çalışacaq. İndi də elə olacaq”.
Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalına toxunan müsahibimiz vurğulayıb ki, belə bir ssenari gözlənilmir: “Açığı, gözlənilmir. Lokal xarakterli əməliyyatlar baş tuta bilər, yəni əhatə dairəsi geniş olmayan əməliyyatların baş verməsi mümkündür. Necə ki, yayda biz bunun şahidi olduq — 12 günlük savaşda. Bu da o silsilədən olacaq. Bu proseslərin sonunda belə bir müharibə ehtimalı ola bilər, amma İranla Amerikanın üz-üzə dayanıb konkret olaraq bir-birinə qarşı açıq meydan savaşına girəcəkləri indiki vaxtda real görünmür. Yaxın Şərqdə müharibənin baş verməsi arzuolunan deyil və bu, bütövlükdə regiona sıçraya bilər. Azərbaycan olaraq yerləşdiyimiz regionda heç bir müharibə istəmirik".
Mehriban Yariyeva
16:50 21.02.2026
Oxunuş sayı: 618