ABŞ-da üç iranlı mühəndisə qarşı ciddi ittiham irəli sürülüb
ABŞ-da federal münsiflər heyəti Silikon Vadisində çalışan üç iranlı mühəndisi Google və digər texnologiya şirkətlərindən ticarət sirlərini oğurlamaqda ittiham edib.
ABŞ prokurorlarının cümə axşamı yaydığı məlumata görə, 41 yaşlı Samane Qəndali, onun 32 yaşlı bacısı Sorur Səndali və 40 yaşlı Məhəmməd Cavad Xosrəvi məxfi məlumatları qanunsuz əldə edərək İrana ötürməkdə şübhəli bilinirlər.
Crossmedia.az bu barədə "CNBC" istinadən xəbər verir. Təqsirləndirilən şəxslər həmin gün həbs olunaraq federal rayon məhkəməsində hakim qarşısına çıxarılıblar. CNBC telekanalının məlumatına görə, ittiham aktında onların İran vətəndaşları olduğu qeyd edilib. Bildirilib ki, Sorur Səndali ABŞ-də qeyri-immiqrant tələbə vizası ilə yaşayıb. Samane Qəndali sonradan ABŞ vətəndaşlığı alıb, onun həyat yoldaşı Məhəmməd Cavad Xosrəvi isə qanuni daimi sakin statusuna malik olub.
Google şirkəti CNBC-yə açıqlamasında iddia edilən məlumat oğurluğunun adi təhlükəsizlik monitorinqi zamanı aşkarlandığını və işin araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edildiyini bildirib.
Faktla bağlı araşdırmalar davam edir.
09:35 21.02.2026
Oxunuş sayı: 624