Cenevrədə ABŞ və İran arasında keçirilən danışıqlardan sonra İranın hərbi hazırlıq səviyyəsini artırdığı bildirilir. Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu yeni peyk görüntülərinə əsaslanaraq bununla bağlı hesabat yayımlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Tehran paralel şəkildə bir neçə istiqamətdə hazırlıq tədbirləri görür. Bildirilir ki, Hörmüz boğazı istiqamətində əlavə qüvvələr yerləşdirilir, dəniz vasitələrinin və raket sistemlərinin sayı artırılır.
Həmçinin “mozaika müdafiəsi” adlanan sistemin yenidən aktivləşdirildiyi qeyd olunur. Bu modelə əsasən, hərbi komandanlıq desentralizasiya edilir ki, mümkün zərbə zamanı mərkəzi idarəetmə sıradan çıxsa belə, əməliyyatlar davam etdirilə bilsin.
Bundan başqa, nüvə obyektlərinin, xüsusilə İsfahan ətrafındakı infrastrukturun və “Pickaxe Mountain” kimi tanınan ərazilərdə yeraltı qurğuların möhkəmləndirildiyi bildirilir. Strateji obyektlər ətrafında hava hücumundan müdafiə sistemlərinin də yeniləndiyi və qoruma tədbirlərinin gücləndirildiyi vurğulanır.
Rəsmi Tehran məsələ ilə bağlı hələlik açıqlama verməyib.