Zelenskinin “Şimal Axını” qaz kəmərlərinin partladılmasından xəbəri olmayıb
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Şimal Axını” qaz kəmərlərinin partladılması planları barədə hələ 2022-ci ilin yazında məlumatlı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Der Spigel" nəşri məlumat yayıb.
Məlumata əsasən, həmin dövrdə MKİ nümayəndələri Kiyevdə Ukraynanın sabotaj üzrə mütəxəssisləri ilə görüş keçiriblər. Görüş zamanı Rusiyanın Almaniyaya qaz nəql etdiyi boru kəmərlərinin partladılması ideyası müzakirə olunub. Mənbələrin iddiasına görə, ilkin mərhələdə əməliyyatın detalları, marşrutlar, istifadə ediləcək gəmilər və 80 metr dərinliyə eniş üçün dalğıcların hazırlığı barədə fikir mübadiləsi aparılıb. Əməliyyatın “Diametr” kod adı daşıdığı bildirilir.
Nəşr yazır ki, plan Ukrayna Silahlı Qüvvələrinin o vaxtkı baş komandanı tərəfindən təsdiqlənib. Mənbələr iddia edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumatlı olmayıb.
Bildirilir ki, 2022-ci ilin yayında ABŞ-ın mövqeyi dəyişib və MKİ əməliyyata, o cümlədən maliyyə baxımından dəstək verməkdən imtina edib. Səbəb kimi Almaniyanın infrastrukturuna mümkün hücumun siyasi nəticələri göstərilir.
Həmçinin qeyd olunur ki, 2022-ci ilin iyununda Niderlandın hərbi kəşfiyyat xidməti – MIVD – plan barədə məlumat əldə edərək ABŞ və Almaniyanı xəbərdar edib.
Araşdırmaya görə, ABŞ-nin etirazlarına baxmayaraq, əməliyyat sonradan həyata keçirilib. 2022-ci ilin sentyabrında altı nəfərlik qrupun olduğu çarter yaxtası Almaniyanın Varnemünde şəhərindən Baltik dənizinə yola düşüb.
“Der Spiegel” bildirir ki, MKİ sorğuya cavab olaraq araşdırmanı “son dərəcə qeyri-dəqiq” adlandırıb və materialın fakt kimi qəbul edilməməli olduğunu qeyd edib.
15:17 19.02.2026
Oxunuş sayı: 624