Telefon "narkomaniyası": Valideynlər, uşaqlarınızı qoruyun
Son illərdə uşaqlar və yeniyetmələr ağıllı telefonlarla o qədər sıx bağlı olublar ki, bu texnologiya artıq onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu bağlılıq təkcə əyləncə və ünsiyyət üçün deyil, bəzən təhlükəli nəticələr doğuran bir vərdişə də çevrilir. Uşaqlar internetdə sərhədləri olmayan bir dünyaya açılır, bəzən qadağan olunmuş saytlara girir, qorxulu videolar izləyir, şiddət və psixoloji təzyiq yaradan oyunlar oynayırlar. Bu fəaliyyətlər onların psixikasına ciddi təsir edə bilər- yuxusuzluq, narahatlıq, davranış dəyişiklikləri, hətta depressiya və sosial təcrid kimi problemlər yarana bilər. Qeyd edək ki, uşaqların ağıllı telefon istifadəsi ilə bağlı nəzarətsizliyi yalnız texnologiya problemi deyil, həm də sosial və psixoloji məsələdir. Valideynlər uşaqlarının hansı məzmuna baxdığını izləməli, onlara təhlükəsiz və faydalı resursları təqdim etməli, həmçinin rəqəmsal aləmdə sərhədləri öyrətməlidirlər. Əks halda, sadə bir video və ya oyun uşaq üçün psixoloji travmaya, hətta gələcəkdə davranış pozuntularına çevrilə bilər.
Beləliklə, ağıllı telefonlar uşaqlar üçün həm bir pəncərə, həm də bir təhlükə qapısıdır – onlar dünyanı kəşf etməyə imkan verərkən, bəzən onları zərərli və qorxulu təcrübələrlə də üz-üzə qoyur. Bu səbəbdən, valideynlərin, müəllimlərin və mütəxəssislərin diqqəti artıq seçim deyil, zərurətdir.
Bu barədə Crossmedia.az-a danışan sosioloq Naib Nifteliyev ağıllı telefonların müxtəlif formada mənfi təsir göstərdiyini və bu təsirin birbaşa uşaqların telefonu necə istifadə etməsi, o cümlədən telefon asılılığı ilə bağlı olduğunu bildirib:

"Adətən uşaqlara müəyyən bir işlə məşğul olduqda telefon təqdim edilir və ə onların diqqətini yayındırmağa xidmət edir. Bu zaman uşaqların telefona marağı artır və onu əyləncə vasitəsi kimi qəbul etməyə başlayırlar. Bir tərəfdən, müəyyən qədər texnologiyadan istifadə imkanlarına çıxış kimi uşaqların bu istifadəsi başa düşüləndir. Müəyyən qədər qəbul edilə bilən bir haldır. Uşaq yaddaşı telefon vasitəsilə müxtəlif məsələləri erkən mənimsəyə bilir. Yaş həddi ilə bağlı bilməməli olduğu məsələləri vaxtından əvvəl öyrənir. Lakin telefon əhəmiyyətli dərəcədə düzgün istifadə olunmadıqda, yaş həddi artdıqca uşaqlar onu öz maraqlarına uyğun istifadə etməyi öyrənir və qadağan olunmuş saytlara, oyunlara, psixoloji təzyiq alətinə çevirən vasitələrə çıxış əldə edə bilirlər".
Sosioloq uşaqlara telefonu təqdim edərkən və onların istifadəsinə imkan yaradarkən diqqət edilməli olan qaydaları qeyd edib:
"Telefonda müəyyən məhdudiyyətlərin olması və internetə çıxışın bloklanması vacibdir. Uşaqların hansı saytlara çıxış edə biləcəyi əvvəlcədən müəyyən edilməlidir. Uşaqların istifadəsi zamanı valideyn nəzarəti maksimum artırılmalı və onları diqqətlə izləməlidir. Lazım olduqda müdaxilə edilməli, telefon geri alınmalı və bəzi istifadə sahələrinə məhdudiyyət qoyulmalıdır. Həmçinin, pedoqoji müəssisələrdə və məktəbəqədər təhsil müəssisələrində uşaqlarla aktiv məşğələlər aparmaq vacibdir. Digər tərəfdən isə uşaqlara mənfi təsir ediləcək alətlər yığışdırılmalıdır".
Psixoloq Gülnar Orucova isə məsələnin psixoloji tərəfi barədə danışıb:

"Telefon asılılığından sonra uşaq uzun müddət telefonda vaxt keçirir və dərslərə marağı azalır. Özünü tez-tez gördüyü videolarla başqaları ilə müqayisə edir, öz güvəni və özünü qiymətləndirməsi aşağı düşür. Beləliklə, dərsə maraq və diqqəti azalır. Oxumaq onun üçün çətin olur. Bundan əlavə, insanlar örnək kimi təqdim olunmur. Uşaqlar isə düşünürlər ki, oxumadan da nələrəsə nail olmaq mümkündür. Hərəkət aparatında problemlər yaranır, məsələn, əvvəllər skalyoz o qədər çox deyildi, indi bəzi uşaqlarda skalyoz və göz problemləri müşahidə olunur. Ailə ilə münasibətlər də zəifləyir, uşaqlar ailə üzvləri ilə xoş və isti münasibət qura bilmir. Telefondan həddən artıq istifadə, oyunlardan istifadə agresivlik, gərginlik və əsəbilik yaradır, yuxu pozuntularına səbəb olur. Yuxu pozuntusu agresiya və gərginliyin formalaşmasına gətirib çıxarır. Hətta həddindən artıq telefon istifadəsi ailə üzvləri ilə münasibətlərin soyuqluğuna, virtual aləmə bağlılığın artmasına və real ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olur. Məsələn, valideynlər uşaqların tapşırıqlarını həll edərkən onlara həddən artıq kömək edirlər. Uşaqlar uzun müddət telefonda dostları ilə ünsiyyət qursa da, bu onların sərbəst vaxtını əngəlləyir. Bu vaxtı kitab oxumaq, parkda gəzmək, əylənmək və ailə ilə birgə fəaliyyət üçün istifadə etmək mümkündür. Amma uşaqlar bunu etmir, həddən artıq telefonda vaxt keçirirlər və nəticədə problem yaranır.Uşaqlar yeməyini telefona baxaraq yeyirlər. Bu, doymanı "tormuzlayır". İnsan boş qabı qarşısına qoyaraq yemək yeyirsə, doyma siqnalı daha tez çatır. Amma film izləyərək və oyun oynayaraq yemək yeyirsə, doyma hissi zəifləyir. Bu, gələcəkdə obezitaya yol aça bilər. Həddən artıq telefon istifadəsi düşünmə qabiliyyətini də zəiflədir. Yeni yetmələrdə və gənclərdə davranışlarına nəzarət itir. Uşaqlar tez-tez deyir: "Başım, boynum ağrıyır”. Həddən artıq telefon istifadəsi baş, boyun, bel ağrıları, yuxusuzluq, agresivlik, narahatlıq, gərginlik, əsəblik, asılılıq və savadsızlıq gətirir".
Fatimə Məmmədova
11:55 12.02.2026
Oxunuş sayı: 1717