ABŞ və İran arasında razılaşma yalnız bu yolla ola bilər
ABŞ-də nüfuzlu respublikaçı senator Lindsi Qraham İran ilə ABŞ arasında mümkün razılaşma məsələsinə münasibət bildirib. Senator qeyd edib ki, belə bir razılaşma yalnız Konqresin razılığı ilə həyata keçirilə bilər.
Crossmedia-az xəbər verir ki, Qraham sosial şəbəkədəki paylaşımında bildirib ki, İranla əldə olunacaq potensial razılaşma həm ABŞ-ın milli təhlükəsizlik maraqlarına, həm də İran xalqının ehtiyaclarına cavab verə bilər. Bununla yanaşı, o vurğulayıb ki, İranın əvvəlki razılaşmalara münasibəti nəzərə alınarsa, ABŞ daxilində bu məsələyə geniş siyasi dəstək qazanmaq asan olmayacaq.
Senator əlavə edib ki, istənilən razılaşma Konqresə təqdim edilməli, müzakirə olunmalı və səsverməyə çıxarılmalıdır. Onun sözlərinə görə, bu proses razılaşmanın legitimliyi və davamlılığı baxımından vacibdir.
Qraham həmçinin xatırladıb ki, daha əvvəl İranda baş verən ümumxalq etirazları zamanı etirazçıları dəstəklədiyini dəfələrlə bəyan edib.
20:10 08.02.2026
Oxunuş sayı: 447