Avropa yeni dövrə girir – Fon der Leyendən iddialı mesaj
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Davosda çıxışı zamanı qlobal proseslər fonunda Avropanın qarşısında açılan yeni imkanlar və çağırışlar barədə geniş bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fon der Leyen bildirib ki, hazırda dünyada yaşanan “seysmik dəyişikliklər” Avropa müstəqilliyinin yeni bir formasını qurmaq üçün fürsət olmaqla yanaşı, artıq zərurətə çevrilib.
Komissiya sədri Avropanın ticarət strategiyasının yalnız Latın Amerikası ilə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, son bir ildə Meksika, İndoneziya və İsveçrə ilə yeni razılaşmalar əldə olunub, Avstraliya ilə isə azad ticarət sazişi üzərində işlər davam edir. Eyni zamanda Filippin, Tayland, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar irəliləyir.
Fon der Leyen Hindistana Davosdan dərhal sonra səfər edəcəyini açıqlayaraq, Avropanın “bütün sövdələşmələrin anası” adlandırılan tarixi ticarət razılaşmasının astanasında olduğunu deyib.
Avropa Komissiyasının sədri həmçinin vurğulayıb ki, Avropa şirkətləri ABŞ şirkətləri ilə eyni tempdə süni intellekt texnologiyalarından istifadə edir və qitə gələcəyin əsas texnologiyaları uğrunda qlobal yarışın mərkəzindədir.
Arktika təhlükəsizliyinə də toxunan fon der Leyen bildirib ki, bu sahədə yalnız birgə fəaliyyət uğur gətirə bilər. O, xüsusilə müttəfiqlər arasında əlavə tariflərin tətbiqini yanlış addım kimi qiymətləndirib və Qrenlandiyaya Avropa investisiyalarının kəskin şəkildə artırılması üzərində iş aparıldığını açıqlayıb. Bu istiqamətdə Danimarka və Qrenlandiya ilə sıx əməkdaşlıq planlaşdırılır.
16:34 20.01.2026
Oxunuş sayı: 1519