Qəzza gündəmində yeni tərəf: Mərakeş ISF-yə qoşun göndərməyi müzakirə edir
Mərakeş Kralı VI Məhəmməd ABŞ Prezidenti Donald Trump tərəfindən təklif edilən Qəzza Sülh Şurasına qoşulacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Mərakeşin Baş naziri Əziz Axannuş Davosda keçirilən WEF26 çərçivəsində "Axios" nəşrinə açıqlamasında bildirib.
Axannuşun sözlərinə görə, Rabat regional sabitliyin təmin olunması istiqamətində daha fəal rol oynamağa hazırdır. O, həmçinin Mərakeşin Qəzzada yaradılması müzakirə olunan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (ISF) qoşun göndərilməsi məsələsi ilə bağlı danışıqlar apardığını da təsdiqləyib.
Baş nazir vurğulayıb ki, Mərakeş humanitar təhlükəsizliyin bərpası, mülki əhalinin qorunması və bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün beynəlxalq təşəbbüslərə töhfə verməyi vacib hesab edir.
Müşahidəçilər Mərakeşin bu addımını Yaxın Şərqdə diplomatik rolunu gücləndirmək və qlobal təhlükəsizlik proseslərində daha fəal iştirak etmək niyyətinin göstəricisi kimi qiymətləndirirlər.
15:50 20.01.2026
Oxunuş sayı: 1061