Məşhur avtomobil istehsalçısı hərbi dron istehsalına başlayır
Fransanın əfsanəvi avtomobil istehsalçısı Renault hərbi təyinatlı dronların istehsalına start verir.
Crossmedia.az xəbər verir ki, bu barədə BFM məlumat yayıb.
Məlumata görə, Renault Fransa Silahlanma Baş İdarəsi (DGA) ilə Fransa ordusu üçün dronların istehsalını nəzərdə tutan müqavilə imzalayıb. Layihə Fransanın müdafiə sənayesi şirkəti Turgis & Gaillard ilə birgə həyata keçiriləcək.
Razılaşmaya əsasən, dronların yığılması Le Mans şəhərində yerləşən Renault zavodunda aparılacaq, mühərriklərin istehsalı isə Normandiyanın Kleon şəhərindəki müəssisədə həyata keçiriləcək.
Söhbət kəşfiyyat və müşahidə məqsədləri üçün də istifadə oluna bilən, “uzun mənzilli məsafədən idarə olunan sursat” kateqoriyasına aid “Chorus” tipli dronlardan gedir. İstehsal gücünün ayda 600 ədədə qədər dron buraxmağa imkan verəcəyi bildirilir.
L'Usine Nouvelle jurnalının məlumatına görə, bu müqavilə Renault-a 10 il ərzində təxminən 1 milyard avro gəlir gətirə bilər. Şirkət artıq layihənin icrasını rəsmi şəkildə təsdiqləyib.
Analitiklər bu addımı Avropa müdafiə sənayesinin genişlənməsi və mülki avtomobil istehsalçılarının hərbi texnologiyalar sektoruna cəlb olunmasının göstəricisi kimi dəyərləndirirlər.
15:40 20.01.2026
Oxunuş sayı: 1022