Avropa Parlamenti SEPAH-ın terror təşkilatı kimi tanınmasını tələb edir
Avropa Parlamenti İrana qarşı daha sərt sanksiyaların tətbiq edilməsini və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını tələb edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola plenar iclasda çıxışı zamanı bəyan edib.
Metsola bildirib ki, bu çağırış İranda son dövrlərdə keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı baş verən çoxsaylı ölüm halları fonunda irəli sürülüb. Onun sözlərinə görə, Avropa Parlamenti insan haqlarının kobud şəkildə pozulmasına göz yuma bilməz.
“Bu, sadəcə simvolik bir jest deyil. Bu addım onların cəzasız fəaliyyət göstərmək imkanlarını daha da məhdudlaşdıracaq və gəlir mənbələrini pozacaq”, – deyə Metsola vurğulayıb.
Avropa Parlamenti rəhbəri xatırladıb ki, ötən həftə bütün siyasi qruplarla məsləhətləşmələrdən sonra İran hakimiyyətinin nümayəndələri, eləcə də bütün iranlı diplomatlarla Avropa Parlamenti arasında hər cür qarşılıqlı əlaqənin qadağan edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, Avropa Parlamenti son aylarda İranda baş verən hadisələrlə bağlı rəsmi Tehrana qarşı mövqeyini daha da sərtləşdirib və yeni sanksiya mexanizmlərinin müzakirəsini davam etdirir.
11:48 20.01.2026
Oxunuş sayı: 1240