Yaponiyada "Asiya NATO"sunun yaradılması müzakirə edilir
Yaponiya hakim Liberal-Demokratik Partiyasının (LDP) rəhbərləri "Asiya NATO"sunun yaradılması konsepsiyasını müzakirə etməyə başlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Yomiuri qəzeti məlumat yayıb.
Bu məqsədlə partiyanın qərargahında, Partiyanın Siyasi Şurasının rəhbəri, keçmiş müdafiə naziri İtsunori Onoderanın sədrliyi ilə xüsusi komitə işə başlayıb.
Bu qurum Yaponiyanın Baş naziri Şiqeru İşibanın göstərişi ilə yaradılıb. O, 2020-ci ildən etibarən "Asiya NATO"sunun yaradılması ideyasını səsləndirir və bu ideyanı bu ilin sentyabrında LDP lideri və hökumət başçısı seçilmək üçün keçirilən kampaniya zamanı fəal şəkildə irəlilədib. Xüsusi komitə çərçivəsində bu məsələyə dair mütəxəssislərin fikirləri dinləniləcək və tövsiyələrlə bağlı hesabat hazırlanacaq. Hazırlıq müddəti barədə məlumat verilmir.
Baş nazir İşiba "Asiya NATO"sunun konkret detallarını açıqlamayıb. Lakin onun sözlərinə görə, bu strukturun əsası Vaşinqton və Tokio arasında hərbi ittifaq olmalıdır və bu ittifaqa regiondakı bəzi digər ölkələr də cəlb ediləcək. Hazırda ABŞ, Yaponiya ilə yanaşı, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və Filippinlə də ikitərəfli müdafiə sazişlərinə malikdir.
12:03 01.12.2024
Oxunuş sayı: 6406