Müsabiqə qalibi: "Yüksəliş" mənim üçün dönüş nöqtəsi oldu -MÜSAHİBƏ
Son illərdə ölkəmizdə həyata keçirilən “Yüksəliş” müsabiqəsi qısa müddət ərzində cəmiyyətin böyük marağına səbəb olan, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanan nüfuzlu bir platformaya çevrilib.
Layihənin əsas missiyası yüksək intellektual potensiala malik, idarəetmə bacarıqları ilə seçilən gəncləri üzə çıxarmaq, onların bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaratmaqdır. Bu təşəbbüs dövlətimizin insan kapitalının inkişafına, xüsusən də istedadlı və məqsədyönlü gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür. Müsabiqənin əvvəlki illərdəki finalçılarının bu gün ölkənin müxtəlif sahələrində mühüm qərarların icrasında yaxından iştirak etməsi “Yüksəliş”in praktiki nəticələrinin və təsir gücünün ən parlaq göstəricisidir. Layihə həm idarəetmədə innovativ yanaşmanı təşviq edir, həm də keyfiyyətli kadr ehtiyatının formalaşmasına sistemli şəkildə töhfə verir. Hər il üzə çıxarılan onlarca istedadlı gəncin inkişaf üçün yeni perspektivlər qazanması proqramın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu dəfəki müsahibimiz IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən biri olan Ayaz Əhmədzadədir. Həmin müsahibəni təqdim edirik:
– "Yüksəliş" müsabiqəsində qalib olmağınız şəxsi və peşəkar həyatınızda hansı əsas dönüş nöqtəsini yaratdı?
– "Yüksəliş" müsabiqəsi həyatımda 3–4 əsas dönüş nöqtəsindən biri oldu. Bu müsabiqədə təkcə qalib olmaq deyil, ümumilikdə iştirakın özü çox böyük təcrübə qazandırır. Mərhələlər, zamanın idarə olunması, fərqli insanlarla ünsiyyət, imtahan prosesləri – bütün bunlar iştirakçıya hərtərəfli inkişaf imkanı yaradır. Xüsusilə yarımfinal mərhələsində komandalarla birgə işləmək həm yadda qalan, həm də öyrədici bir təcrübə oldu. Qalibiyyətdən sonra isə bu proses mənim həm özgüvənimə, həm də karyera imkanlarıma ciddi müsbət təsir göstərdi. Müsabiqə çərçivəsində qaliblər, finalçılar və yarımfinalçılar arasında formalaşan əlaqələr bu gün də həm peşəkar, həm də dostluq müstəvisində davam edir. Bundan əlavə, qalib olduqdan sonra mentorlarla görüşlər xüsusi əhəmiyyət daşıyır. Onların təcrübəsindən yararlanmaq, tövsiyələrini dinləmək istər iş həyatımda, istərsə də karyera planlamasında mənə çox müsbət təsir göstərdi.
– Bu prosesdə sizin üçün ən çətin mərhələ hansıdır və onu necə dəf etdiniz?
– "Yüksəliş" müsabiqəsinə ilk dəfə qatılmışdım və bundan əvvəl heç bir iş müsabiqəsində iştirak etməmişdim. İlk mərhələdə keçirilən test imtahanları maraqlı idi, lakin ən çətin hissə idarəetmə bacarıqları üzrə test oldu. Bu mərhələ həqiqətən çox dərin və düşünülmüş bir imtahan idi. Yarımfinal və final mərhələlərində isə rəqabətlə yanaşı ciddi müzakirələr aparılırdı. Hər mərhələnin öz çətinliyi olsa da, mənim üçün ən çətin mərhələ final mərhələsi idi. Çünki artıq bu mərhələdə kifayət qədər təcrübəli və güclü iştirakçılar var idi. Onlarla mübarizə aparmaq həm çox maraqlı, həm də çox çətin idi. Bu mərhələləri keçib qalib olmaq həm böyük uğur, həm də böyük xoşbəxtlik idi.
– Qalib olmağınızda sizi digərlərindən fərqləndirən əsas amil nə oldu?
- Düşünürəm ki, finala qədər gələn hər bir iştirakçı qalib olmağa layiq idi. Lakin əsas fərqləndirici cəhətlərdən biri verilən keisləri düzgün anlamaq, sürətli analitika aparmaq və fikirləri aydın, məntiqli şəkildə ifadə etmək bacarığıdır. Danışıq və diksiya qabiliyyəti, komanda ilə işləmə bacarığı da çox önəmlidir. Mənim üçün əlavə üstünlük komandamızın çox güclü olması və komanda daxilində sağlam əməkdaşlığın qurulması idi. Sürətli analitik düşüncə və ünsiyyət bacarığı mənim qaliblərdən biri olmağımda əsas rol oynadı.
– "Yüksəliş" müsabiqəsi sizə liderlik anlayışına hansı yeni baxışları qazandırdı?
– Müsabiqədən sonra mentorlarla və müxtəlif dövlət qurumlarının rəhbərləri ilə görüşlərimiz oldu. Onların idarəetmə yanaşmaları, qərarvermə prosesləri və bu qərarların uzunmüddətli təsirləri haqqında eşitdiklərim liderlik anlayışıma tamamilə yeni baxış qazandırdı. Qərarların təkcə bir qurumu deyil, bütöv ölkəni əhatə etdiyini görmək, məsuliyyətin miqyasını anlamaq insanı daha detallı və strateji düşünməyə vadar edir. Bu yanaşma bu gün mənim öz qərarlarıma və komanda idarəçiliyimə də birbaşa təsir edir. Bundan əlavə, müsabiqədə tanış olduğumuz komanda yoldaşları müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışırlar. Onlarla davamlı fikir mübadiləsi aparmaq da liderlik bacarıqlarımın inkişafına ciddi töhfə verir.
– Bu gün geriyə baxanda müsabiqəyə qatılmaq istəyənlər üçün ən vacib tövsiyələriniz nələrdir?
– Müsabiqəyə qatılanları iki qrupa bölmək olar: ilk dəfə qatılanlar və əvvəlki illərdə iştirak edib yenidən cəhd edənlər. İlk dəfə qatılanlara tövsiyəm odur ki, qorxmasınlar və “ilk dəfədən alınmaz” düşüncəsinə qapılmasınlar. Mən də ilk dəfə qatılmışdım. Təcrübənin çoxluğu təkbaşına həlledici amil deyil. Əsas məsələ keislərə düzgün yanaşmaq və məntiqli arqumentlər təqdim etməkdir. Müsabiqədə çox güclü və obyektiv ekspert komandası fəaliyyət göstərir. Əvvəlki illərdə qatılıb qalib olmayanlara isə tövsiyəm odur ki, mərhələlərdən sonra təqdim olunan qiymətləndirmə hesabatlarını diqqətlə analiz etsinlər və qeyd olunan boşluqları növbəti cəhdlərdə aradan qaldırsınlar. Bu, qalibiyyət şansını xeyli artırır. Ümumilikdə isə "Yüksəliş" müsabiqəsi potensiallı gənclər üçün özünü tanıtmaq və daxili imkanlarını üzə çıxarmaq baxımından çox uyğun platformadır. Qalib olmasalar belə, əldə etdikləri təcrübə gələcək karyeralarında mühüm rol oynayır.
– "Yüksəliş" müsabiqəsində qalib olduqdan sonra üzərinizdə hansı məsuliyyəti hiss edirsiniz?
– Qalib olmaq artıq bir statusdur və bu status həm davranışda, həm də fəaliyyətdə daha məsuliyyətli olmağı tələb edir. İnsanlar səni tanıyır, bəziləri səni örnək kimi qəbul edir. Bu baxımdan müsbət nümunə olmaq çox vacibdir. İkinci məsuliyyət isə iş mühitində özünü göstərir. Komanda və rəhbərlik artıq səndən daha yüksək nəticələr gözləyir. Bundan əlavə, Yüksəliş qaliblərinin karyeralarında davamlı uğurlar əldə etməsi müsabiqənin adının qorunması baxımından da mühümdür. Məncə, Yüksəliş adını qorumaq hər bir qalibin əsas vəzifələrindən biridir.
– Sonda uğur yolunda olan gənclərə bir cümləlik əsas mesajınız nə olardı?
– Gənclərə əsas tövsiyəm odur ki, universitetə daxil olduqları ilk gündən vaxt itirmədən öz üzərlərində planlı şəkildə işləməyə başlasınlar: dil biliklərini artırsınlar, ixtisasları üzrə sertifikatlar alsınlar, dünya təcrübəsini öyrənsinlər və bütün bunları sosial həyatla balanslı şəkildə aparsınlar. Çünki erkən qoyulan möhkəm təməl gələcək karyeranın ən böyük təminatıdır.
Elmir Heydərli
14:30 19.01.2026
Oxunuş sayı: 1497