Azərbaycanın Gürcüstandakı səfiri BP-nin regional prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev "British Petroleum" (BP) şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gio Kristofoli ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilən görüşdə səfir Faiq Quliyev G.Kristofolini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Diplomat Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıqdan, regional əhəmiyyət daşıyan layihələrdən və Azərbaycanın Cənubi Qafqazda tərəqqi, rifah və təhlükəsizliyin təmin olunmasındakı mövqeyindən bəhs edib.
Görüş zamanı Azərbaycanın enerji siyasəti, bu sahədə xarici tərəfdaşların artan marağı və BP ilə mövcud əməkdaşlığın strateji əhəmiyyəti xüsusi vurğulanıb. Səfir F.Quliyev Azərbaycanın regionda və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Öz növbəsində Gio Kristofoli səmimi qəbula görə təşəkkürünü bildirərək, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb və Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Görüşdə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva da iştirak ediblər. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
21:50 16.01.2026
Oxunuş sayı: 1172