"Yüksəliş" qalibi: Bu müsabiqə mənim üçün güzgü rolunu oynadı -MÜSAHİBƏ
Son illərdə ölkəmizdə həyata keçirilən “Yüksəliş” müsabiqəsi qısa müddət ərzində cəmiyyətin böyük marağına səbəb olan, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanan nüfuzlu bir platformaya çevrilib. Layihənin əsas missiyası yüksək intellektual potensiala malik, idarəetmə bacarıqları ilə seçilən gəncləri üzə çıxarmaq, onların bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaratmaqdır. Bu təşəbbüs dövlətimizin insan kapitalının inkişafına, xüsusən də istedadlı və məqsədyönlü gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür. Müsabiqənin əvvəlki illərdəki finalçılarının bu gün ölkənin müxtəlif sahələrində mühüm qərarların icrasında yaxından iştirak etməsi “Yüksəliş”in praktiki nəticələrinin və təsir gücünün ən parlaq göstəricisidir. Layihə həm idarəetmədə innovativ yanaşmanı təşviq edir, həm də keyfiyyətli kadr ehtiyatının formalaşmasına sistemli şəkildə töhfə verir. Hər il üzə çıxarılan onlarca istedadlı gəncin inkişaf üçün yeni perspektivlər qazanması proqramın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu dəfəki müsahibimiz IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən biri olan Nicat Qocayevdir. Həmin müsahibəni təqdim edirik:
— “Yüksəliş” müsabiqəsində iştirak etmək qərarını verməyinizə hansı şəxsi və peşəkar motivlər təsir göstərdi?
— Əvvəla, dəvətiniz üçün təşəkkür edirəm. Bildiyiniz kimi, insan həyat boyu özünü inkişaf etdirməklə məşğul olur və yeni biliklər qazanır, fərqli iş mühitlərinə düşür, yeni insanlarla tanış olur. Lakin müəyyən mərhələdə insan öz komfort zonasının daxilində qalaraq zəif tərəflərini tam görə bilmir. “Yüksəliş” müsabiqəsində iştirak etməkdə əsas motivasiyam məhz bu idi — komfort zonasından çıxmaq, məni tanımayan insanlarla birgə komanda şəraitində fəaliyyət göstərmək və özümü kənardan daha obyektiv qiymətləndirmək. Bu platforma mənə həm güclü, həm də inkişaf etdirilməli tərəflərimi müəyyənləşdirmək imkanı verdi. Eyni zamanda, “Yüksəliş” müsabiqəsinin mərhələli və çoxşaxəli strukturu da bu qərarıma ciddi təsir göstərdi. Müsabiqənin ilk mərhələsində dünya görüşü və ümumi biliklər, ikinci mərhələdə məntiqi təfəkkür, üçüncü mərhələdə isə idarəetmə və situativ bacarıqlar qiymətləndirilir. Yarımfinal və final mərhələlərində isə iştirakçılar tanımadıqları insanlarla bir masa arxasında ortaq qərara gəlməyə çalışırlar ki, bu da artıq real liderlik və komanda işi bacarıqlarının sınağıdır. Bu mərhələlərdə uğur qazanmaq üçün yalnız texniki biliklər deyil, eyni zamanda kommunikasiya, komanda quruculuğu və liderlik kimi yumşaq bacarıqlar həlledici rol oynayır.
— “Yüksəliş” müsabiqəsi liderlik bacarıqlarınızın formalaşmasına və inkişafına hansı konkret töhfələri verdi?
— Düşünürəm ki, müsabiqədə iştirak edən hər bir şəxsdə müəyyən səviyyədə liderlik və kommunikasiya bacarıqları mövcuddur. Lakin “Yüksəliş” bu bacarıqların real iş şəraitində nə qədər vacib olduğunu açıq şəkildə nümayiş etdirir. Bu müsabiqə mənim üçün bir növ güzgü rolunu oynadı. Liderlik və kommunikativ bacarıqlarım var idi, lakin “Yüksəliş” onları daha da şüurlu şəkildə inkişaf etdirməyin zəruriliyini mənə xatırlatdı. Müsabiqədən sonra bu bacarıqlar üzərində daha sistemli işləməyə başladım. Cəmiyyət və əmək bazarı sürətlə dəyişir, yeni tələblər formalaşır. Bu baxımdan, “Yüksəliş” müsabiqəsi insanı daim öz üzərində işləməyə təşviq edən mühüm platformadır.
— Hazırda Dövlət Vergi Xidmətində çalışdığınız vəzifədə “Yüksəliş”də qazandığınız bilik və bacarıqlardan necə istifadə edirsiniz?
— Hazırda Dövlət Vergi Xidmətində vergi öhdəliklərinin icrasına nəzarət istiqamətində çalışıram və rəhbərlik etdiyim komandam var. İş prosesində əsas diqqət etdiyimiz məqamlar məhz “Yüksəliş”də qiymətləndirilən kompetensiyalardır: komanda işi, strateji baxış, liderlik və effektiv kommunikasiya. Gündəlik fəaliyyətimizdə tapşırıqların icrası zamanı komanda üzvləri ilə daim ünsiyyətdə olmaq, onları ortaq məqsəd ətrafında birləşdirmək və nəticəyə yönəltmək əsas şərtdir. Bu baxımdan, “Yüksəliş” müsabiqəsində qalib olmağımda açar rolunu oynayan yumuşaq bacarıqlar işimdə də mənə qazandırdığı yumşaq bacarıqlar işimdə də olduqca mühüm rol oynayır.
— Vergi öhdəliklərinə nəzarət sahəsində qarşıya çıxan əsas çağırışlar nələrdir və bu çağırışların həllində idarəçilik yanaşması hansı rolu oynayır?
— Dövlət Vergi Xidmətinin 2025–2028-ci illəri əhatə edən strateji baxışında dörd əsas hədəf müəyyən edilib. Bunlara vergidən yayınmanın qarşısının alınması, dayanıqlı inkişaf, güclü insan kapitalının formalaşdırılması və vergi öhdəliklərinə könüllü əməl olunmasının təşviqi daxildir. Bizim strukturun fəaliyyəti birbaşa vergidən yayınmaların qarşısının alınmasına və könüllü əməletmənin təşviqinə yönəlib. Liberal bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsinin əsas gəlir mənbəyi vergi yığımlarıdır. Bu səbəbdən, vergi intizamının təmin olunması həm dövlət büdcəsinin formalaşması, həm də sağlam rəqabət mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə effektiv idarəçilik yanaşması, düzgün koordinasiya və komanda işi həlledici rol oynayır.
— Dövlət idarəçiliyində gənc kadrların rolunu necə qiymətləndirirsiniz və “Yüksəliş” bu baxımdan nəyi dəyişir?
— Düşünürəm ki, dövlət idarəçilik üzrə bilim və bacarıqlar nəsildən-nəsilə ötürülən bir prosesdir. Əgər təcrübəli kadrların bilik və bacarıqları gənc nəslə düzgün şəkildə ötürülməzsə, inkişafda fasilələr yarana bilər. “Yüksəliş” müsabiqəsi gənc kadrların üzə çıxarılması, onların potensialının aşkarlanması və təcrübəli rəhbərlərlə mentorluq əlaqələrinin qurulması baxımından mühüm rol oynayır. Bu platforma gənclərin dövlət idarəçiliyində gələcək liderlər kimi formalaşmasına real zəmin yaradır.
— Vergi sistemində şəffaflıq və effektivliyin artırılması üçün gələcəkdə hansı institusional və texnoloji addımların atılmasını vacib hesab edirsiniz?
— Dövlət Vergi Xidməti dünya təcrübəsini daim izləyir və inkişaf etmiş ölkələrin vergi sistemlərindən faydalanır. Lakin davamlı inkişaf üçün daxili təhlil də vacibdir: hansı sahələrdə çatışmazlıqlar var və onları necə aradan qaldırmaq olar. Hazırda həyata keçirilən siyasət kölgə iqtisadiyyatının azaldılması, vergidən yayınmaların qarşısının alınması və güclü insan kapitalının formalaşdırılmasına yönəlib. Bu istiqamətdə atılan institusional və texnoloji addımlar vergi sisteminin daha da şəffaf və effektiv olmasına xidmət edəcək.
— Gənclərə, xüsusilə “Yüksəliş” müsabiqəsində iştirak etmək istəyənlərə tövsiyəniz nədir?
— Mən gənclərə yalnız “Yüksəliş” müsabiqəsində deyil, ümumiyyətlə, həyatlarında yeni addımlar atmaqdan çəkinməməyi tövsiyə edirəm. İnsanları ən çox qorxudan amil uğursuzluq ehtimalıdır. Lakin uğursuzluq əslində öyrənmə prosesinin bir hissəsidir. Biz çox vaxt etdiklərimizə görə deyil, etmədiklərimizə görə peşman oluruq. Komfort zonasından çıxmaq, rəqabət aparmaq və öz potensialını yenidən kəşf etmək insanın həm şəxsi, həm də peşəkar inkişafı üçün vacibdir.
Elmir Heydərli
14:24 13.01.2026
Oxunuş sayı: 1260