Azərbaycanın enerji gücü 10 min meqavatı da keçəcək - Proqnoz
Azərbaycan Prezidenti İlham Əliyev "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib ki, Azərbaycanın generasiya gücü təxminən 10 min meqavata bərabərdir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib: "Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir.
Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək".

Son illərdə Azərbaycanda energetika sektorunun sürətli inkişafı və bu dinamikanın vəd etdiyi perspektivlər barədə Crossmedia.az-a danışan iqtisadçı - ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanın generasiya gücü təxminən 10 min meqavata bərabərdir: "Məhz 2025-ci ilin oktyabr ayına olan son statistika göstərirdi ki, generasiya gücü 9,8 min meqavat səviyyəsində idi. Yəni 9,8 min meqavat 9800 meqavata bərabərdir və görünür ki, 10 min meqavata yaxındır. Qarşıdakı dövrdə ölkənin enerji istehsalı həm alternativ, həm də ənənəvi enerji mənbələri hesabına davamlı olaraq artacaq".
Müsahibimiz əlavə edib ki, ötən ilin oktyabr ayına olan ən son statistika göstərir ki, generasiya gücü 9,8 milyon vatlıq səviyyəyə çatıb ki, bu da əvvəlki illə müqayisədə 15,6 faiz artım deməkdir: “Göründüyü kimi, artım dinamikası yüksəkdir və ilin sonuna Azərbaycanda 10 min meqavatı da keçəcək. Bu artımın 18,8 faizi su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələri hesabına formalaşır".
Mehriban Yariyeva
11:28 10.01.2026
Oxunuş sayı: 1846