Azərbaycan nefti bahalaşıb: Perspektiv üçün nə vəd olunur?
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları və ya 1,6 % artaraq 65,64 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin
mart fyuçerslərinin qiyməti 62,93 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri
Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,06 ABŞ dolları və ya 1,69 % artaraq 63,86 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti
2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti
isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda
bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun
işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Müşahidə olunan dinamikanın Azərbaycan iqtisadiyyatına durumu barədə Crossmedia.az-a danışan neft məsələləri üzrə ekspert İlham Şaban deyib ki, gündəlik dəyişikliklər Azərbaycan üçün əsasən cari gəlirlərin miqdarına təsir edir: “Azərbaycan gündə təxminən 600 000 barel neft ixrac edir. Məsələn, dünənlə bu gün arasında 1 ABŞ dolları fərq olsa belə, bu, yalnız əvvəlki günə nisbətən daha çox gəlir deməkdir. Belə dəyişikliklər gündəlik bazar hadisələridir və ümumi iqtisadi perspektivə təsir etməz. Gələcək qiymət proqnozları üçün isə rüblük və illik qiymətlərə baxmaq daha məqsədəuyğundur. Gündəlik bazar dalğalanmaları böyük neft bazarları üçün normal haldır və iqtisadi stabilliyə ciddi təsir yaratmır”.
Ekspert
əlavə edib ki, “Azeri Light” neftinin sabit istehsal həcmi və uzunmüddətli
müqavilələr ölkənin neft gəlirlərini dayanıqlı edir və bazar dalğalanmalarından
asılılığı minimuma endirir.
Fatimə Hacıəliyeva
11:17 10.01.2026
Oxunuş sayı: 1695