Jurnalistlər üçün “Uşaq hüquqları: Mediada həssas yanaşma” mövzusunda təlim keçirilib
Dekabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə jurnalistlər üçün “Uşaq hüquqları: Mediada həssas yanaşma” mövzusunda təlim keçirilib.
Crossmedia.az xəbər verir ki, təlimin məqsədi mediada uşaqlarla bağlı mövzulara məsuliyyətli, etik və həssas yanaşmanı təşviq etmək, jurnalistlərin bu istiqamətdə peşəkar bilik və bacarıqlarını artırmaqdır.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edib. O, Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr, eləcə də Komitənin Kommunikasiya Strategiyası haqqında iştirakçılara ətraflı məlumat verib.
E.Səfərov uşaq mövzularının işıqlandırılmasında etik normalara riayət olunmasının, uşaqların mənafeyinin hər zaman üstün tutulmasının vacibliyini vurğulayaraq, medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət çəkib.
Təlimçi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova təqdimatla çıxış edərək, məlumatların hazırlanmasında uşaqyönümlü yanaşmanın mahiyyəti, uşaqların zərərli informasiyadan qorunması mexanizmləri barədə danışıb. O, medianın uşaq hüquqlarının qorunmasında və ictimai məlumatlılığın artırılmasında mühüm rol oynadığını vurğulayaraq, jurnalistlərin bu mövzulara həssas yanaşmasının vacibliyini qeyd edib.
Daha sonra Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud medianın ictimai fikrə təsir gücü, eləcə də uşaqlarla bağlı kontentlərin təqdimatında medianın məsuliyyətinə diqqət çəkib. Həmçinin etik davranış kodeksi, azyaşlılarla bağlı məlumatların yayımlanmasının hüquqi və etik çərçivəsi barədə məlumat verib, mediada uşaqlarla bağlı məlumatların yayılması zamanı etik davranış qaydalarına riayət olunmasının zəruriliyini vurğulayıb.
İnteraktiv formatda keçən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
19:26 17.12.2025
Oxunuş sayı: 850