İlin hadisəsi nə oldu?: Sülh sazişi mətninin paraflanması, Ramiz Mehdiyevin həbsi... - Deputatlar danışdı
2025-ci il müasir tarix üçün yalnız növbəti bir təqvim ili deyil, qlobal və milli proseslərin kəsişdiyi, yeni reallıqların formalaşdığı strateji bir mərhələ kimi dəyərləndirilir. Bu il dünyada sürətlə dəyişən geosiyasi balanslar, texnoloji inqilabın dərinləşməsi, iqtisadi və təhlükəsizlik çağırışlarının paralel şəkildə artması ilə yadda qalmaqda idi. Beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin yenidən formalaşması, regional münaqişələrin qlobal təsir radiusunun genişlənməsi və beynəlxalq hüququn tətbiqi ətrafında yaranan ziddiyyətlər 2025-ci ilin əsas xarakterik cizgilərini müəyyənləşdirdi.
Azərbaycan üçün isə 2025-ci il dövlətçilik tarixində post-münaqişə dövrünün daha sistemli və məqsədyönlü mərhələyə keçidi ilə seçildi. Ölkə daxilində siyasi sabitliyin qorunması, sosial-iqtisadi inkişaf strategiyalarının yenilənməsi və idarəetmədə institusional yanaşmaların gücləndirilməsi əsas prioritetlər sırasında yer aldı. Eyni zamanda, cəmiyyətin sosial gözləntiləri, informasiya mühitinin təsiri və qlobal proseslərin daxili gündəmə təsiri 2025-ci ili yalnız idarəetmə baxımından deyil, ictimai şüurun transformasiyası baxımından da əhəmiyyətli etdi.
Xarici siyasət müstəvisində 2025-ci il Azərbaycanın regional və beynəlxalq mövqelərinin daha aydın konturlar aldığı bir dövr kimi önə çıxdı. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, strateji tərəfdaşlıqlar və çoxtərəfli diplomatiya ölkənin beynəlxalq sistemdə rolunu gücləndirən əsas istiqamətlər oldu. Qlobal qeyri-sabitlik fonunda balanslaşdırılmış xarici siyasət xəttinin qorunması Azərbaycanın həm regional aktor, həm də etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.
Beləliklə, 2025-ci il nə yalnız cari hadisələrin xronologiyası, nə də statistik göstəricilərin cəmi kimi dəyərləndirilə bilər. Bu il Azərbaycan üçün daxili inkişafla qlobal proseslər arasında tarazlığın axtarıldığı, dünya üçün isə yeni siyasi, iqtisadi və texnoloji reallıqların formalaşdığı bir keçid dövrü kimi tarixdə qalmaqdadır. Məhz bu baxımdan 2025-ci ilin hadisələrinə analitik yanaşma həm milli yaddaşın formalaşması, həm də gələcək strateji qərarların dəyərləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatları Crossmedia.az-a açıqlamalarında yola salmağa hazırlaşdığımız ili necə xarakterizıə etdiklərini bildiriblər:

Milli Məclisin İnsan Hüquqları və İctimai Birliklər və Dini Qurumlar komitəsinin üzvü Azər Allahverənov 2025-ci il bir neçə mühüm səbəbə görə Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət kəsb edən və əlamətdar hadisələrlə yadda qalan bir il kimi qiymətləndirilə biləcəyini qeyd edib: "İlk növbədə qeyd olunmalıdır ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə təsadüf etməklə yanaşı, ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam şəkildə təmin olunduğu bir tarixi mərhələdə qeyd olunması baxımından son dərəcə simvolik və əhəmiyyətli hadisədir. Xüsusilə vurğulanmalıdır ki, bu il həm də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə təsadüf edir. Beləliklə, 2025-ci il Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş nöqtələrini özündə birləşdirən bir il kimi yadda qalmışdır. Konstitusiya və Suverenlik İli çərçivəsində ölkə daxilində və beynəlxalq müstəvidə çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər milli səviyyə ilə yanaşı, diplomatik nümayəndəliklər, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və diaspor qurumları vasitəsilə müxtəlif ölkələrdə də təşkil olunmuş, Azərbaycanın suverenlik və dövlətçilik dəyərləri beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim edilmişdir.
2025-ci ilin beynəlxalq müstəvidə ən mühüm hadisələrindən biri avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanması olmuşdur. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş tutan bu proses iki ölkə arasında uzun illər davam edən münaqişənin rəsmi və siyasi baxımdan sona çatdırılması istiqamətində atılmış mühüm addım kimi tarixə düşmüşdür. Eyni zamanda ATƏT-in Minsk Qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması bu münaqişənin artıq tarixin arxivinə ötürüldüyünü təsdiqləyən mühüm siyasi qərar olmuşdur. Vaşinqton sazişi Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və təhlükəsizlik sisteminin formalaşdırılmasına xidmət edən fundamental sənədlərdən biri kimi dəyərləndirilir. Azərbaycanın yaratdığı yeni siyasi reallıq regionda təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması üçün ciddi zəmin yaratmışdır. 2025-ci ilin daha bir mühüm hadisəsi Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü olmuşdur. Zirvə çərçivəsində qəbul edilən ən önəmli qərarlardan biri Türk Dövlətləri Təşkilatı Plus formatının təsis edilməsidir. Bu qərar təşkilatın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini göstərir. Daha geniş miqyasda bu format Avrasiya məkanında, xüsusilə Türk dünyasında inteqrasiya proseslərini sürətləndirə biləcək tarixi addım kimi qiymətləndirilir. Bu kontekstdə 2025-ci ilin noyabr ayında Bakı və Naxçıvan şəhərlərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu da xüsusi əhəmiyyət daşıyır. İlk dəfə olaraq Türk dünyasında vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən bu forumda 8 ölkədən 100-dən çox QHT nümayəndəsi iştirak etmiş, Bakıda keçirilən tədbirdə isə 500-dən artıq iştirakçı yer almışdır. Forumun davamı olaraq Naxçıvan şəhərində Türk dövlətlərinin QHT-lərini birləşdirən daimi platformanın təsis edilməsi tarixi hadisə kimi dəyərləndirilir. Bu platformanın daimi katibliyinin Bakı şəhərində yerləşməsi və fəaliyyətinin institusional əsasda qurulması vətəndaş cəmiyyəti institutları vasitəsilə Türk Dövlətləri Təşkilatı çərçivəsində ictimai diplomatiyanın daha da gücləndirilməsinə xidmət edəcək".
O, bildirib ki, 2025-ci il, həmçinin idman sahəsində də mühüm hadisələrlə yadda qaldı: "Azərbaycanda III MDB Oyunlarının keçirilməsi regional əməkdaşlıq, xalqlar arasında dostluq və idman diplomatiyasının gücləndirilməsi baxımından yüksək qiymətləndirilir. Bütün bunlarla yanaşı, 2025-ci il siyasi, ictimai, humanitar, mədəni, dini və hərbi sahələrdə də mühüm yeniliklərlə zəngin olmuşdur. Xüsusilə ikitərəfli və çoxtərəfli hərbi təlimlərin keçirilməsi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin güc strukturları arasında əməkdaşlığın dərinləşməsi ölkənin təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Nəticə etibarilə, 2025-ci il Azərbaycanın milli maraqlarının təmin edildiyi, beynəlxalq nüfuzunun gücləndiyi və strateji hədəflərinin reallaşdırıldığı bir il kimi tarixə düşdü. Eyni zamanda qeyd olunmalıdır ki, 2026-cı il də Azərbaycan üçün olduqca əlamətdar hadisələrlə zəngin olacaqdır. Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Görüşünün, üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun təşkili, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması 2026-cı ili türk dünyası üçün xüsusi əhəmiyyətə malik bir il kimi xarakterizə etməyə əsas verir. Bu baxımdan 2026-cı ilin “türkoloji il” kimi dəyərləndirilməsi də istisna olunmur".

Milli Məclisin digər İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq və Əmək və Sosial Siyasət komitələrinin üzvü Vüqar Bayramov isə 2025-ci ilin Azərbaycanın siyasi mövqeyinin möhkəmləndiyi il olduğunu qeyd edib: "2025-ci il Azərbaycan üçün bir sıra mühüm və yadda qalan hadisələrlə əlamətdar olmuşdur. Ümumilikdə bu il ölkəmiz üçün strateji baxımdan vacib illərdən biri kimi qiymətləndirilə bilər. Məhz 2025-ci ildə Azərbaycan dövlət suverenliyinin tam bərpasının beşinci ildönümünü və Konstitusiyanın qəbul edilməsinin otuzilliyini qeyd etmişdir. Bu əlamətdar tarixlərin eyni ildə qeyd olunması 2025-ci ili ölkəmiz üçün qürurverici bir il kimi səciyyələndirir. 2025-ci ildə ölkə daxilində aparılan islahatların daha da dərinləşdiyi müşahidə olunmuşdur. Siyasi, iqtisadi və institusional sahələrdə həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın davamlı inkişaf kursuna sadiqliyini bir daha nümayiş etdirmişdir. İlin ən yadda qalan və tarixi hadisələrindən biri 8 avqust 2025-ci ildə Vaşinqtonda baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Ermənistanın Baş nazirinin iştirakı ilə imzalanmış anlaşma Cənubi Qafqaz regionunda uzun illər davam etmiş qarşıdurma mərhələsinin başa çatması və yeni sülh və əməkdaşlıq dövrünün başlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənəd siyasi baxımdan Cənubi Qafqaz üçün yeni regional düzənin formalaşması anlamına gəlir".
Parlamentari, həmçinin bu anlaşma Azərbaycanın artan siyasi və diplomatik gücünü açıq şəkildə ortaya qoymuş olduğunu bildirib:
"Sözügedən razılaşma ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli perspektivdə Cənubi Qafqazın sabit inkişafına ciddi töhfə verəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qarşıdakı illərdə də yeni uğurlara imza atacaq, ölkəmizin regional və qlobal miqyasda geosiyasi mövqeyi daha da güclənəcəkdir".

Milli Məclisin Mədəniyyət və Elm və Təhsil komitələrinin üzvü Elnarə Akimova isə 2025-ci ilin ən yaddaqalan hadisəsi kimi Vaşinqton sazişini göstərib. "2025-ci il başa çatarkən ilin ən qaynar hadisəsi sualına verilən cavab, əslində, baxış bucağından asılıdır. Mənim düşüncəmə görə, həm Azərbaycanın daxili siyasi gündəmi, həm də beynəlxalq mövqeyi baxımından ilin mərkəzi hadisəsi avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-da Prezident Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş və bu görüşün nəticəsi kimi təqdim olunan sülh sazişinin paraflanmasıdır. Bu görüş təkcə 3 lider arasında diplomatik təmas kimi yox, daha geniş mənada qlobal siyasi balanslara toxunan bir jest kimi yadda qaldı. Azərbaycan uzun müddətdir regionun deyil, daha geniş coğrafiyanın oyunçusu olmaq iddiasını ortaya qoyurdu və bu görüş həmin iddianın rəmzi təsdiqi kimi qəbul edildi. Qlobal güc mərkəzləri ilə birbaşa dialoq, Azərbaycanın enerji, təhlükəsizlik və nəqliyyat baxımından artan rolunu beynəlxalq auditoriyaya bir daha göstərdi və ölkənin adının dünya siyasətinin əsas müzakirə mövzuları sırasında çəkilməsinə səbəb oldu. İlin “qaynar” məzmunu bununla bitmir. Daxili siyasi müstəvidə Ramiz Mehdiyev və onunla əlaqəli şəxslərlə bağlı noyabr ayına qədər davam edən hüquqi proseslər cəmiyyət üçün sarsıdıcı və eyni zamanda simvolik hadisə kimi təqdim olundu. Rəsmi açıqlamalarda bu xətt ölkədə sabitliyi pozmağa yönəlik cəhdlərin qarşısının alınması kontekstində izah edildi. Uzun illər sistemin içində olmuş fiqurların bu cür ittihamlarla gündəmə gəlməsi 2025-ci ili əvvəlki illərdən kəskin şəkildə fərqləndirdi və hakimiyyətin “toxunulmazlıq” anlayışına münasibətinin dəyişdiyi mesajını verdi. Bu proseslər dövlətin institusional davamlılığını qorumaq iradəsinin nümayişi kimi yadda qaldı".
Parlamentari bildirib ki, noyabr ayında Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad isə ilin siyasi və rəmzi kulminasiya nöqtələrindən biri oldu: "Paradda Pakistan və Türkiyə prezidentlərinin iştirakı təkcə qardaşlıq jesti deyil, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi xəttin açıq nümayişi kimi dəyərləndirildi. Xüsusilə Türkiyənin və Pakistanın bu səviyyədə təmsil olunması, Azərbaycanın hərbi-siyasi müttəfiqlik modelinin regionla məhdudlaşmadığını, daha geniş strateji platformaya çevrildiyini göstərdi. Parad həm daxili auditoriya üçün güc və birlik mesajı verdi, həm də xarici dünyaya Azərbaycanın arxasında dayanan real siyasi və hərbi tərəfdaşların mövcudluğunu nümayiş etdirdi".
Deputat, həmçinin 2025-ci ilin mədəni-simvolik hadisələri sırasında xüsusi yer tutan başqa bir addımında 2026-cı ildə elan olunacaq Azərbaycan Kitab Mükafatının təsis edilməsi olduğunu bildirib: "Bu təşəbbüs ədəbiyyatçılar üçün təkcə maddi stimullaşdırma deyil, həm də peşəkar tanınma və dövlət səviyyəsində diqqətin göstəricisi kimi mühüm əhəmiyyət daşıyır. Uzun illərdir ki, yazıçı və şairlərin əməyinin sistemli şəkildə qiymətləndirilməsi məsələsi müzakirə olunur və bu mükafat həmin boşluğu doldura biləcək institusional mexanizm kimi görünür. Şərtlərə görə, müsabiqəyə son illərdə nəşr olunmuş bədii və publisistik əsərlər təqdim ediləcək, qiymətləndirmə müstəqil münsiflər heyəti tərəfindən aparılacaq və qaliblər şəffaf meyarlar əsasında seçiləcək. Bu mövzunun mənim üçün ayrıca önəmi var, çünki belə bir mükafatın təsis edilməsi Milli Məclisinin plenar iclasında şəxsən qaldırdığım məsələ olub".

Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov 2025-ci ilin ən yadda qalan hadisəsi kimi bu ilin "Konstitusiya və Suverenlik İli" elan olunması olduğunu bildirib: "Belə ki, konstitusiyamızın qəbul olunmasının 30 -cu ilində və suverənliyinin bərpa olunmasının 5-ci ilində Ermənistanla sülh müqaviləsinin paraflanması tarixi hadisədir. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin paraflanması regionumuza sülh gətirib və Zəngəzur dəhlizinin açılmasını reallığa çevirib. Digər bir məsələ Azərbaycan- ABŞ münasibətlərinin yeni bir mərhələyə daxil olması və yaratdığımız reallığın bütün dünya tərəfindən qəbul olunmasıdır. Bu baxımdan yola saldığımız ilin xalqımız üçün yadda qalan olduğunu və tariximizə qızıl hərflərlə yazıldığını hesab edirəm".

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Məzahir Əfəndiyev isə 2025-ci ilin Azərbaycan üçün həm siyasi, həm də tarixi baxımdan son dərəcə əhəmiyyətli və yadda qalan bir il olduğunu bildirib:
"Bu dövr ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və ərazi bütövlüyümüzün beynəlxalq səviyyədə qeyd-şərtsiz tanınması baxımından mühüm mərhələ kimi xarakterizə olunur. İl ərzində baş verən hadisələr Azərbaycanın regional və qlobal mövqelərinin daha da güclənməsinə zəmin yaratdı. Xüsusilə, bu il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakının Azadlıq meydanında əldə etdiyiçiz möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən hərbi parad ilin ən yadda qalan hadisələrindən biri oldu. Bu parad Azərbaycan fövlətinin gücünü, iradəsini, əzmkarlığını bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, il ərzində Azərbaycan türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığı daha da dərinləşdirmişdir. Bu inteqrasiya siyasəti ortaq tarixi və mədəni dəyərlərə əsaslanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Eyni zamanda, regional sabitliyin təmin olunması istiqamətində mühüm diplomatik təşəbbüslər irəli sürülmüşdür. Hesab edirəm ki, ilin ən mühüm və taleyüklü hadisələrindən biri də 08 Avqust tarixində Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında üçtərəfli Vaşinqton Bəyannaməsinin imzalanması, beləliklə sülh sazişinin paraflanması oldu. Bu addım uzunmüddətli münaqişə dövrünün başa çatdığını göstərən mühüm siyasi məqam kimi dəyərləndirilə bilər".
Deputat, həmçinin sülh prosesinin irəliləməsi Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasına səbəb olduğunu qeyd edib: "Regionun dünya siyasi arxitekturasındakı yeri və rolu daha aydın şəkildə müəyyənləşməyə başlamışdır. Azərbaycan bu prosesdə regionun lider dövləti, aparıcı və təşəbbüskar subyekti kimi çıxış etmişdir. Ölkəmizin çoxvektorlu xarici siyasəti regional əməkdaşlıq imkanlarını genişləndirmişdir. Bu baxımdan, əminliklə demək olar ki, bütün bu amillər ötən ili Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan bir il kimi yadda saxlamışdır".
12:28 16.12.2025
Oxunuş sayı: 6062