"Telegram"da yeni giriş metodu olacaq
Telegram messenceri FIDO2 standartına əsaslanan yeni, daha təhlükəsiz giriş funksiyasını sınaq mərhələsinə buraxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Durova Code” məlumat yayıb.
Məlumata görə, Android tətbiqinin son beta versiyasında istifadəçilərə ənənəvi parol və SMS təsdiqlərini əvəz edən Passkey (giriş açarları) vasitəsilə avtorizasiya imkanı təqdim olunacaq.
Passkey texnologiyası istifadəçinin giriş açarlarını birbaşa cihazdakı təhlükəsiz parol menecerində saxlayır. Bu sistem Google Password Manager, Apple iCloud Keychain, Samsung Pass, 1Password və Bitwarden kimi menecerlərlə uyğun işləyir. İstifadəçi biometrik təsdiqlə (Üz ID, barmaq izi) və ya cihaz PİN-kodu ilə giriş edərək təhlükəsiz şəkildə avtorizasiya olunur. Açarların idarəsi Telegram-ın məxfilik parametrlərində mümkündür.
Yeni funksiyanın tətbiqi fişinq və SIM kartın ələ keçirilməsi kimi riskləri aradan qaldırmaq məqsədi daşıyan qlobal tendensiyanın bir hissəsidir. Google, Apple, Microsoft və VK kimi bir çox platforma artıq Passkey texnologiyasını tətbiq edib. Funksiyanın yaxın zamanda bütün Telegram istifadəçiləri üçün əlçatan olması gözlənilir.
Telegram Pavel və Nikolay Durov tərəfindən 2013-cü ildə yaradılıb və 2025-ci il etibarilə aylıq istifadəçi sayı 1 milyardı keçib.
Nəzrin Abbas
16:10 03.12.2025
Oxunuş sayı: 513