Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaqlarla görüş keçirilib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Regional İnkişaf “İctimai Birliyinin təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə həyata keçirilən “Hüquqlarınla parla!” layihəsi çərçivəsində komitə sədri Bahar Muradova fəal uşaqlarla görüş keçirib.
“Regional İnkişaf “İctimai Birliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva layihə haqqında ətraflı məlumat verərək, bildirib ki, görüşün məqsədi uşaqların hüquqlarına diqqət yönəltmək, onların səsini eşitmək və bu sahədə ölkəmizdə aparılan mühüm təşəbbüsləri geniş ictimaiyyətə təqdim etməkdir. O bildirib ki, layihə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb.
Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, uşaqlarla görüşlərin hər zaman xüsusi maraqla qarşılandığını bildirib. O qeyd edib ki, uşaqların düşüncəsində olan yenilik və dinamizm cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.
B.Muradova dünyada baş verən proseslərin sürətlə dəyişdiyini, gözlənilməz hadisələrin cəmiyyətlərin, ailələrin və dövlətlərin həyatına ciddi təsir göstərdiyini qeyd edib. Bu çağırışlar fonunda dövlətlərin və idarəetmə sistemlərinin çevik və dinamik olmasının vacibliyini vurğulayan sədr, qlobal proseslərə operativ reaksiya verməyin zəruriliyini diqqətə çatdırıb.
Komitə sədri hazırda dünyada çoxsaylı münaqişələrin, aktiv müharibələrin və döyüş əməliyyatlarının davam etdiyini, bu proseslərdə ən çox zərər çəkənlərin ailələr, xüsusilə qadın və uşaqlar olduğunu bildirib. O, Azərbaycanın da uzun illər münaqişədən əziyyət çəkdiyini xatırladaraq, ölkənin bütün çətinliklərə baxmayaraq doğru yol seçdiyini, ərazi bütövlüyünü bərpa etdiyini və sülhün əldə olunması üçün ciddi səylər göstərdiyini vurğulayıb.
Daha sonra uşaqların suallarını cavablandıran Bahar Muradova rəqəmsallaşma dövründə uşaqların zərərli informasiyadan qorunması, onların kibertəhlükəsizliyinin gücləndirilməsi və süni intellekt texnologiyalarından səmərəli istifadənin təşviqi ilə bağlı tövsiyələrini bölüşüb.
O, həmçinin uşaqların qərar qəbuletmə prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayaraq, Ümumrespublika Uşaq Forumlarının bu istiqamətdə mühüm platforma rolunu oynadığını qeyd edib. Muradova bildirib ki, bu forumlar uşaqların öz fikirlərini sərbəst ifadə etməsi, onların sosial fəallığının artırılması və dövlət qurumları ilə açıq dialoqun qurulması baxımından əhəmiyyət daşıyır.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
06:13 19.11.2025
Oxunuş sayı: 1074