BDU tələbəsinin "Rəqəmsal Könüllü Platforması" layihəsi həyata keçirilib
Bakı Dövlət Universitetinin tələbəsi Vüsal Qaflanov tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Dövlət Universiteti və "BDU Könüllüləri" təşkilatının tərəfdaşlığı ilə "Rəqəmsal Könüllü Platforması" layihəsi həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "Rəqəmsal" mövzulu qrantının qaliblərindən biri olub.
Layihənin əsas məqsədi ölkədə fəaliyyət göstərən könüllü təşkilatları, fərdi könüllüləri və könüllülüyə marağı olan şəxsləri vahid rəqəmsal ekosistemdə birləşdirmək, könüllülük prosesini daha şəffaf, əlçatan və məlumatlı formada təşkil etməkdir. Platforma vasitəsilə gənclər müxtəlif təşkilatlara eyni sistem üzərindən müraciət edə bilir, tədbirlər, elanlar, layihələr haqqında məlumat əldə edir və nailiyyətlərini paylaşa bilir. Təşkilatlar isə öz elanlarını, tədbirlərini, postlarını və üzv idarəetməsini sistem üzərindən həyata keçirə bilir.
Layihə çərçivəsində gənclər və təşkilatlar üçün çoxfunksiyalı veb platforma hazırlanmış, qeydiyyat sistemləri, üzvlük modulu, təşkilat paneli, e-sertifikatların təqdim olunması, könüllülərin nailiyyətlərinin rəqəmsal şəkildə saxlanılması və digər özəlliklər tətbiq edilmişdir.
Layihənin rəhbəri Vüsal Qaflanov ölkədə geniş şəbəkəyə malik olan könüllülük fəaliyyətinin informasiya pərakəndəliyini aradan qaldırmaq üçün bu layihəyə təşəbbüs göstərib. Çoxsaylı gənclərin müxtəlif könüllü təşkilatlarından xəbərsiz olması, məlumat tapmaqda çətinlik çəkməsi və hansı fəaliyyətə necə qoşulacağını kimi çətinlikləri aradan qaldırmaq üçün bu platforma böyük rol oynaya bilər.
21:44 07.11.2025
Oxunuş sayı: 1304