"Azəri-Çıraq-Günəş" blokundan səmt qazı tədarükünün həcmi əhəmiyyətli dərəcədə artıb
Cari ilin ilk doqquz ayı ərzində Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan dövlətinə sutkada orta hesabla 8 milyon kubmetr səmt qazı (cəmi 2,1 milyard kubmetr) tədarük olunub.
Crossmedia.az bu barədə bp-yə istinadən xəbər verir ki, səmt qazının əsas həcmi Səngəçal terminalına, eləcə də SOCAR-ın “Neft Daşları”dakı istehsalat obyektlərinə yönəldilib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk doqquz ayında AÇG gündəlik orta hesabla 6,5 milyon kubmetr səmt qazı təhvil vermişdi.
Beləliklə, səmt qazı tədarükünün həcmi illik müqayisədə 23 faizdən çox artıb.
Qeyd edək ki, Layihənin operatoru “Azəri-Çıraq-Günəşli” yataqları blokuna dair hasilatın pay bölgüsü sazişi (PSA) iştirakçıları adından “BP Exploration (Caspian Sea) Limited” şirkətidir.
Layihədə iştirak payları aşağıdakı kimi bölünüb: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) və ONGC Videsh (2,92%).
12:17 06.11.2025
Oxunuş sayı: 1456