Bakıda “Azerbaijan Dance Festival 2025”in təntənəli açılışı olub
Bakıda “Azerbaijan Dance Festival 2025”in təntənəli açılışı olub. Festival çərçivəsində iki gün ərzində açıq beynəlxalq yarışlar, WDC AL dünya və Avropa çempionatları, eləcə də “Ballroom”, “Latin” və “Smooth” istiqamətləri üzrə “Pro-Am” dünya kubokları keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycan Rəqs Şurası (AZDC) və “Smooth & Rhythm Dance Style” (SRDS) şirkətidir.
Azərbaycanın Xalq artisti Təranə Muradova qeyd edib ki, Azərbaycan mədəniyyəti və rəqs sənətinin beynəlxalq arenada yüksək qiymətləndirildiyini gördükdə özünü xoşbəxt hiss edir. O, SRDS şirkətinə Azərbaycana və onun mədəniyyətinə göstərdikləri dəstəyə və səmimi sevgiyə görə dərin minnətdarlığını ifadə edib.
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva vurğulayıb ki, dövlət səviyyəsində həyata keçirilən ardıcıl və məqsədyönlü mədəniyyət siyasəti incəsənətin və mədəni dəyərlərin təbliğinə xidmət edən genişmiqyaslı festivalların və təşəbbüslərin reallaşmasına geniş imkanlar yaradır. Təranə Muradova gənc yaşlarından səhnə sənətinin zirvəsinə yüksəlmiş və bütün həyatı boyu ona sadiq qalan nadir ustadlardan biridir.
Festivalda dünyanın 30 ölkəsindən 500-dən çox cütlük və solo ifaçı iştirak edir. Proqram çərçivəsində SRDS şirkəti Bakı tamaşaçılarına həmçinin Azərbaycanın Xalq artisti T. Muradovanın yubileyinə həsr olunmuş möhtəşəm “Night of the Dancing Diamonds” (“Rəqs edən Almazların Gecəsi”) qala-şousunu təqdim edib.
Səhnədə Rusiya, Böyük Britaniya, İtaliya, ABŞ və Çindən olan ən yaxşı rəqs duetləri çıxış edib. Festival çərçivəsində həmçinin “World & European Championships”in final çıxışları baş tutub. Burada rusiyalı rəqqaslar yüksək peşəkarlıq və ustalıq nümayiş etdirərək üç mükafatlı yeri tutublar.
AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı iştirakçılar və münsiflər heyətinin üzvləri təşkilatçılığın yüksək səviyyəsini, ilhamverici atmosferi və paytaxt tamaşaçılarının qonaqpərvərliyini qeyd edərək vurğulayıblar ki, Bakıdakı festival artıq beynəlxalq rəqs təqvimində əlamətdar hadisəyə çevrilib.
Proqramın xüsusi hissəsini Azərbaycanın Xalq artisti T. Muradovanın yubileyinə həsr olunmuş təntənəli blok təşkil edib. Yubilyarın şərəfinə Anar Ağayevin ifasında “Mamma” və “Mənim melodiyam” adlı musiqi təbrikləri və kompozisiyalar səsləndirilib.
Gecənin kulminasiyası isə Emin Ağalarovun “Mənim Azərbaycanım” mahnısının müşayiəti ilə nümayiş etdirilən möhtəşəm şou olub.
Bu kompozisiyanın sədaları altında Azərbaycanın Xalq artisti 10 ildən sonra yenidən səhnəyə çıxaraq Denis və Eldar Cəfərovla birgə çıxış edib.
Festivalın məqsədi Azərbaycanın mədəni dəyərlərinin möhkəmləndirilməsi, rəqs idmanının inkişafı və bal rəqslərinin təkcə idman növü kimi deyil, həm də xalqları birləşdirən yüksək sənət növü kimi təqdim olunmasıdır.
Festival 2 noyabr tarixinədək davam edəcək. (Azərtac)
06:49 01.11.2025
Oxunuş sayı: 1321