Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib
Azərbaycanın Almaniyadakı səfirliyinin, Azərbaycan Dillər Universitetinin (ADU) və Drezden Milli Kitabxanasının (SLUB) birgə təşkilatçılığı, eləcə də səfirliyin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə oktyabrın 2-də Drezdendə “Kitabi-Dədə Qorqud” türk xalqlarının mədəni irsi və dünya eposları kontekstində” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Crossmedia.az xəbər verir ki, Drezden Milli Kitabxanasında keçirilən tədbirdə Azərbaycan, Almaniya, Türkiyə və İtaliyadan olan tanınmış alimlər, tədqiqatçılar, mədəniyyətşünaslar, habelə diaspor nümayəndələri iştirak ediblər.
Simpoziumu giriş sözü ilə açan Drezden Milli Kitabxanasının baş direktoru xanım Katrin Ştump artıq Drezdendə bu dastana həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsindən məmnunluğunu ifadə edib. O, orijinal əlyazmanın Basatın Təpəgözü məğlub etdiyi boyun açılış səhifəsi ilə vitrində nümayiş olunduğunu diqqətə çatdırıb. K.Ştump uzun illərdən sonra əlyazmanın yüksək keyfiyyətli surətinin - faksimile nəşrinin hazırlandığını bildirib. Baş direktor simpoziumun eposun tarixi, filoloji və mədəniyyətşünaslıq aspektlərindən araşdırılmasının davamı kimi elmin ən yeni nəticələrinə işıq tutduğunu vurğulayaraq, bu unikal irsin araşdırılmasında Azərbaycan səfirliyi və Azərbaycan Dillər Universiteti ilə sıx və səmərəli tərəfdaşlığı yüksək qiymətləndirib.
Saksoniya əyalətinin Elm, Mədəniyyət və Turizm üzrə Dövlət Nazirliyinin nümayəndəsi xanım Martsena Şöne Drezden nüsxəsinin rəqəmsallaşdırılmasının qədim biliklərin gələcək nəsillərə çatdırılması baxımından nümunəvi addım olduğunu bildirib. Bu addımın Bakıdan, Ankaradan başlayaraq dünyanın istənilən elmi mərkəzinədək maneəsiz çıxış imkanı yaratdığı qeyd olunub. Nazirlik rəsmisi vurğulayıb ki, oğuzların - azərbaycanlıların və bütün türklərin milli eposunun ən tam nüsxəsi olan bu dastan zəngin mədəni irsi təqdim edir. Mədəni sərvətlərin sərhəd tanımadığını, lakin körpülərə ehtiyac duyduğunu deyən Martsena Şöne Dədə Qorqud irsinin Saksoniya ilə Azərbaycan arasında siyasi-iqtisadi çərçivəni aşaraq canlı mədəni-elmi əməkdaşlığın rəmzinə çevrildiyini bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında mədəni irsin təkcə keçmişi yaşatmadığını, bu gün də xalqlar arasında möhkəm körpülər saldığını qeyd edib. Diplomat Drezden Milli Kitabxanasında iki Dünya müharibəsindən və tarixin təlatümlərindən keçərək əsrlər ərzində qorunan bu unikal əlyazmanın zərər görmədən günümüzə qədər gəlib çatmasını heyrətamiz hadisə adlandırıb və kitabxananın kollektivinə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, bu mənəvi xəzinənin Drezdendə yüksək diqqətlə qorunub saxlanılması Azərbaycan-Almaniya münasibətlərinə xüsusi mədəni dəyər qazandırır.
N.Ağayev vurğulayıb ki, bu əlyazma sərhədləri aşaraq müxtəlif ölkələrin alimlərini bir məkana toplamaqla mədəniyyət və elm vasitəsilə beynəlxalq anlaşma və birlik ruhunu daha da dərinləşdirir.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla alman şərqşünaslığının Şərq mədəniyyətinə humanist münasibətini xüsusi qeyd edərək, bu ensiklopedik abidənin Drezdendə böyük diqqət və mərhəmətlə mühafizə edilməsini yüksək dəyərləndirib. Eposun alman dilində ilk nəşrinin 200 illik yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət səviyyəsində qeyd olunduğunu vurğulayan akademik bildirib ki, bu Azərbaycanın mədəni irsin qorunmasına və beynəlxalq elmi tədqiqatlara verdiyi ali qiymətin təzahürüdür. Dastanın ruhunun və qədim əqidənin onun qələmə alındığı dövrdən xeyli əvvələ dayandığını vurğulayan Kamal Abdulla Drezden nüsxəsinin faksimile nəşrinin təqdimatını mühüm elmi hadisə adlandırıb.
Sonra “Kitabi-Dədə Qorqud” dastanının faksimile nəşrinin təqdimatı olub. Dastanın faksimile nəşrinin yüksək keyfiyyətdə çap olunmasının Dədə Qorqud irsinin araşdırılmasına yeni imkan qazandıracağı qeyd olunub.
Açılış çıxışlarından sonra simpozium işini panel sessiyalarla davam etdirib.
“Dədə Qorqud” eposu: Əlyazma irsi, tarixi yaddaş və türk xalqlarının mədəniyyəti” mövzusunda birinci panel sessiyaya moderatorluq edən Humboldt Universitetinin professoru xanım Eva-Maria Aux vurğulayıb ki, Dədə Qorqud irsi təkcə bir xalqın deyil, bəşər ruhunun, insanın könlünə toxunan canlı mədəniyyətin təcəssümüdür. O, Şərq ilə Qərb arasında qurulan körpülərin intensiv dialoqla canlı tutulmasının vacibliyini diqqətə çatdırıb.
Akademik Kamal Abdulla çıxışında şərqşünas Henrix Fridrix fon Ditsin 1815-ci ildə Təpəgöz süjetini Homerin “Odisseya” eposundakı Polifem epizodu ilə müqayisə edərək üstünlüyü Təpəgözə verməsini Şərq və Qərb təfəkkürünün eyni istiqamətə baxmasının tarixi nümunəsi kimi səciyyələndirib.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “Dədə Qorqud” eposunu Azərbaycan xalqının yazılı pasportu adlandıraraq, onun “Koroğlu” dastanından fərqli olaraq fundamental yazılı abidə rolunu oynadığını, eposun Azərbaycanın tarixi-etnoqrafik xəritəsinin konturlarını dəqiq əks etdirdiyini diqqətə çatdırıb.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov eposdakı beynəlxalq motivləri təhlil edərək, Dəli Domrul və Herakl obrazları fonunda qədim tanrıçılıq və İslam dünyagörüşünün qatlarını, eləcə də məhəbbətin ölümə qalib gəlməsi ideyasını elmi müstəvidə izah edib.
Türkiyənin Gümüşhane Universitetinin professoru Cihangir Kızılözen isə mətnin dil qatlarını müasir “qeyri-səlis məntiq” metodu ilə yanaşaraq təhlil edib və Drezden nüsxəsindəki transkripsiya xətaları sayılan məqamların əslində minillik yazılı ənənənin dəqiq göstəricisi olduğunu diqqətə çatdırıb.
Professor Mixael Hessin moderatorluq etdiyi “Dədə Qorqud və dünyanın epik irsi: Müqayisəli yanaşmalar və yeni tədqiqat perspektivləri” adlı ikinci panel sessiyada “Dədə Qorqud” eposunun Avropa və dünya ədəbiyyatı ilə struktur və semantik oxşarlıqları diqqət mərkəzində saxlanılıb.
Türkiyənin Dil və Sistem Fondunun sədri Burak Eke çıxışında müasir dilçilik və rəqəmsal metodologiya baxımından eposun süni intellekt və rəqəmsal humanitar elmlər müstəvisində açılan yeni imkanlarını diqqətə çatdırıb.
Auqsburq Universitetinin professoru Klaus Volff orta yüksək alman dilindəki “Kudrun” dastanı ilə “Kitabi-Dədə Qorqud” dastanı arasında dərin intertekstual paralellər apararaq, bunu Azərbaycan-Almaniya dostluğunun ədəbi simvolu kimi dəyərləndirib.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cəlil Nağıyev eposun qədim yunan mifologiyası ilə həm motiv, həm də süjet oxşarlıqlarını diqqətə çatdıraraq, abidənin hələ də araşdırılmağa ehtiyac duyan zəngin qatlara malik olduğunu bildirib.
İtaliyanın La Sapienza Universitetinin professoru Mario Soldaini isə İtaliya türkoloji məktəbinin banisi Ettore Rossinin Vatikan əlyazmasını (Vatican Turco 102) kəşf etməsinin tarixindən söz açaraq, bu filoloji tapıntının dünya türkologiyasındakı inqilabi əhəmiyyətini və pozitivist filologiyanın rolunu diqqətə çatdırıb.
Dədə Qorqud irsinin öyrənilməsi və təbliğinin önəminin bir daha vurğulandığı beynəlxalq simpozium Şərq və Qərb alimləri arasında mədəni-elmi körpülərin daha da möhkəmlənməsinə növbəti mühüm töhfə olub.
Qeyd edək ki, Drezden Milli Kitabxanasının Xüsusi Kolleksiyalar və Nadir Əlyazmalar Fondunda saxlanılan “Kitabi-Dədə Qorqud” nüsxəsi dastanın dünyada məlum olan yeganə tam, 12 boyluq əlyazmasıdır. XVI əsrə aid edilən bu unikal nüsxənin Drezdenə nə vaxt və hansı yolla gətirildiyi dəqiq məlum deyil. Əlyazmanın XVIII əsrin ortalarında artıq Drezden Kral Kitabxanasının fondunda olduğu və həmin dövrdən kitabxana kataloqlarında qeydə alındığı məlumdur. “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasında alman şərqşünası və diplomatı Haynrix Fridrix fon Ditsin xüsusi rolu olub. O, 1814-cü ildə Drezdendə saxlanılan əlyazmanı tədqiq etmək məqsədilə Berlinə gətizdirib, onun surətini çıxarıb, 1815-ci ildə isə dastanın “Basatın Təpəgözü öldürdüyü boy”unu alman dilinə tərcüməsi ilə birlikdə nəşr etdirərək əsəri Avropa elmi ictimaiyyətinə tanıdıb.(Azərtac)
16:55 03.10.2026
Oxunuş sayı: 42