Cəbrayıl Şəhəri Gününün düşüncələri
Cəbrayıl necə şəhərlərdəndir?..
Cəbrayıl Cəbrayılda qurulan neçənci şəhərdir?.. Bir şəhər bir yerdə bir dəfə qurulmazmı?..
Deyir, bəzən bir şəhərin azadlığı bir şəhərin sərhədlərinə sığmır. Və bir şəhərə qayıdış bəzən yalnız insanların öz evinə, həyətinə, küçəsinə qayıdışı olmur – bütöv bir coğrafiyanın öz tarixi funksiyasına qayıdışı olur.
Cəbrayıl belə şəhərlərdəndir. Mələk adlı azad şəhərimiz təmir-bərpa olunmur – tam təzədən qurulur; çün vandallar daşı daş üstə qoymamışdı.
4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun Cəbrayılı azad etməsi 44 günlük Vətən müharibəsinin ilk böyük Şəhər Zəfəri idi. Cəbrayılın azadlığı sonrakı hərbi əməliyyatlar üçün yeni imkanlar yaratdı; özəlliklə Zəngilan, Qubadlı, Laçın yönündə hərəkətin üfüqü genişləndi.
Deməli, Cəbrayıl bir şəhərin qurtuluşundan daha çoxunu ifadə edirdi.
Azadlığından az öncə İrəvandakı hökumət öz ağlınca Cəbrayıla yol çəkirdi; budur, Cəbrayıl özü yol açan oldu. – Altı il sonra həmin cümlənin anlamı dəyişməyib, fəqət miqyası dəyişib. – 2020-ci ildə Cəbrayıl Azərbaycan əsgərinə yol açırdısa, 2026-cı ildə Azərbaycan Cəbrayılı yolların qovşağına çevirir.
Bax, bu, çox önəmli anlam dəyişimidir.
Biz torpağı yalnız üstündə yaşadığımız yer səthi olaraq görmürük; torpağın yaddaşı vardır.
Mədəniyyətşünaslıq baxımından məkan insanın ona verdiyi anlamlarla vətənə çevrilir. Ev tikmək, şəhər salmaq, yol çəkmək mümkündür; ancaq yurd bunların hamısından artıqdır. Yurd insanla torpağın qarşılıqlı yaddaşıdır.
Ona görə də işğalın ən ağır sonuclarından biri yalnız insanların yurdlarından çıxarılması olmadı; işğalçının məqsədi həm də həmin coğrafiyanın mədəni yaddaşını dəyişmək, yaxud tam silmək idi.
Cəbrayılın tarixi-dini abidələri, türbələri, məscidləri, qəbiristanlıqları, Xudafərin körpüləri həmin yaddaşın daşlaşmış biçimləridir. İşğal illərində onların bir çoxunun dağıdılması və ya zədələnməsi işğalın məram-məqsədinin ölçülərini göstərməkdədir.
Lakin bir həqiqət də üzə çıxdı: daşı dağıtmaqla yaddaşı dağıtmaq olmur.
2026-cı ilin mayında Şükürbəyliyə qayıdan sakinlərlə görüşdə də vurğulandığı kimi, kəndlər viran qoyulsa belə, xalqın tarixi yaddaşı silinməmişdi.
Məncə, Böyük Qayıdışın ən dərin kulturoloji anlamı bax, elə buradadır.
Biz yalnız evləri bərpa etmirik; yaddaşla coğrafiyanın qırılmış bağını bərpa edirik.
Cəbrayıldan danışıb Xudafərindən yan keçmək olarmı?
Xudafərinin yalnız Araz üzərində tikilmiş tarixi memarlıq abidəsi olmadığını bilməyən varmı? –
Körpünün fəlsəfəsi birləşdirməkdir.
İnsanlıq körpünü ona görə yaradıb ki, qarşı sahil yad qalmasın.
Bu anlamda Xudafərin daşdan tikilmiş mədəniyyət metaforudur: sahilləri yaxınlaşdırmaq, məsafəni münasibətə çevirmək, ayrılığı bağlantı ilə əvəzləmək…
2020-ci ildə Azərbaycan bayrağının Xudafərində dalğalanması tarixi yaddaşın öz ünvanına qayıtması idi.
Bax, indi isə məsələnin yeni qatı açılır.
Bir vaxtlar Xudafərin keçmişdən gələn körpü idisə, bu gün Cəbrayıl özü gələcəyə uzanan böyük bir körpüyə çevrilməkdədir.
Azərbaycanın azad edilmiş torpaqlarına ayrı-ayrı rayonların mexaniki cəmi kimi baxmaq qətiyyən doğru olmazdı. Şuşa, Xankəndi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər… –
Bunların hərəsinin öz tarixi, öz təbiəti, öz mədəni nəfəsi vardır; fəqət onların gələcək gücü həm də bir-biri ilə yaratdığı harmoniyadadır.
Cəbrayıl bu harmoniyanın çox həssas nöqtəsində yerləşir.
Bir tərəfində Qarabağ, bir tərəfində Zəngəzurun gündoğar səmti, bir yanında Araz; daha geniş baxanda isə Naxçıvan, Türkiyə və Orta dəhliz boyunca Türküstan–Çin xətti…
Beləliklə, Cəbrayılın coğrafiyası yerli coğrafiya olmaqdan çıxır.
Bəli, öncəki yazılarımızda da vurğuladığımız kimi, çağdaş dönəmdə əsas məsələ coğrafiyanı siyasi, iqtisadi və mədəni üstünlüyə çevirmək bacarığıdır.
Cəbrayıl bunun canlı örnəyinə çevrilir.
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu,
Şükürbəyli–Cəbrayıl–Ağoğlan (Hadrut) xətti,
dəmir yolu,
enerji infrastrukturu,
Araz Vadisi İqtisadi Zonası bir-birindən ayrı layihələr sanıla bilərmi?
Əslində, bunlar bir yeni coğrafiya fəlsəfəsinin infrastrukturudur.
Şəhər tikmək olar; amma şəhər mədəniyyəti tikinti materialından yaranmır.
Şəhər – insanla məkan arasında uzunmüddətli münasibətdir. Məktəbin, kitabxananın, məscidin, meydanın, musiqinin, ailənin, qonşuluğun, ağacın, küçənin yaratdığı görünməz bağlar sistemidir şəhər.
Ona görə Cəbrayılın bərpasının uğuru yalnız neçə bina tikilməsi ilə ölçülməməlidir.
Orada necə insan–məkan münasibəti yaranacaq? – Əsas sual budur, məncə.
2026-cı ilin sentyabrının sonuna təqdim olunan göstəriciyə görə Cəbrayıl şəhəri, Horovlu və Şükürbəylidə ümumilikdə 7 mindən artıq insan artıq məskunlaşıb.
Bu rəqəmlərin arxasında isə statistikadan üstün kateqoriya – həyatın özü vardır.
Səhər məktəbə gedən uşaq…
Həyətində ağac əkən ata…
Doğulduğu kəndə yaşlı vaxtında dönən ağsaqqal, ağbirçək…
Yeni açılan məktəbdə ilk dərs…
Məsciddən gələcək ilk azan…
Yeni evliliklər…
Yeni doğulan ilk körpə… – Bax, şəhəri şəhər edən bunlardır.
Böyük Qayıdışın ən böyük ölçü vahidi insan olmalıdır, insan.
Cəbrayılın yeni inkişafında başqa bir rəmzi xətt də vardır: enerji.
“Şəms”, “Üfüq”, “Şəfəq”…
Yeni enerji layihələrinin adlarının özü belə maraqlı bir semantika yaradır.
Günəş, üfüq, şəfəq…
Bir zamanlar dağıntı və mina xəbərləri ilə anılan torpaqda indi Günəş enerjisindən, rəqəmsal idarəetmədən, yaşıl iqtisadiyyatdan danışılır. Cəbrayıl və çevrəsində günəş energetikası və yeni enerji infrastrukturu üzrə layihələr artıq gerçəkləşdirilir.
Bunun kulturoloji anlamı iqtisadi anlamından heç də kiçik qalmır; çün bərpa keçmişin eynisini yenidən tikmək anlamı daşımır.
Əsl bərpa keçmişin yaddaşını qoruyaraq gələcəyin imkanlarını yaratmaqdır. Başqa sözlə, Cəbrayıl öz keçmişinə qayıtmır – öz gələcəyinə qayıdır.
Bəs Ermənistan…
Burada qonşu Ermənistan məsələsindən yan keçmək mümkün deyil. Çün Güney Qafqazın gələcəyi yalnız ayrı-ayrı dövlətlərin gələcəklərinin toplamı olmayacaq. Bu coğrafiyanın təhlükəsizliyi, bağlantıları, iqtisadiyyatı və insanların gələcək münasibətləri bir-birinə toxunur.
2020-ci ildən sonrakı mərhələ, 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası və davamındakı diplomatik proses bölgəni tamam başqa nöqtəyə gətirib.
2025-ci il Vaşinqton razılaşmalarından sonra sülh sənədinin razılaşdırılmış mətninin paraflanması, ATƏT-in keçmiş Minsk qrupu ilə bağlı öncəki formatın aradan qalxması və sonrakı birbaşa Azərbaycan–Ermənistan təmasları yeni mərhələ yaradıb. 31 avqust 2026-cı il Bişkek görüşündə tərəflər delimitasiya, iqtisadi-ticari münasibətlər, Zəngəzur bağlantısı və vətəndaş cəmiyyəti təmaslarını müzakirə edib; sentyabrın 24-də Nyu-Yorkda Xarici işlər nazirləri iqtisadi və nəqliyyat infrastrukturunun açılmasını yenidən gündəmə gətirib.
Bu, artıq tamam başqa Güney Qafqazdır.
İndi əsas sualı verək: sülh necə yaşayacaq? Çün müqaviləni dövlətlər imzalayır, sülhü isə toplumlar yaşadır.
Yol çəkmək olar – o yoldan güvən keçmirsə, yol yarımçıqdır;
sərhədi müəyyənləşdirmək olar – sərhədin hər iki tərəfində gələcəyə inam yaranmırsa, proses tamamlanmayıb;
ticarət başlaya bilər – amma nifrət dili davam edirsə, iqtisadiyyatın qurduğu körpünü ideologiya yenidən uçura bilər. – Bax, burada siyasətlə mədəniyyət görüşür… Bizim bu görüşü toqquşma şəklində görmədiyimiz bəllidir.
Sülhün də mədəniyyəti olmalıdır.
Mədəniyyət yalnız musiqi, ədəbiyyat, muzey və teatrdımı?..
Mədəniyyət həm də qonşuluq etmə qabiliyyətidir.
Sözünün arxasında durmaq özü mədəniyyətdir.
Başqasının sərhədinə sayğı göstərmək mədəniyyətidir.
Tarixi saxtalaşdırmamaq, uşaqları nifrətlə böyütməmək, abidəni düşmən bilməmək mədəniyyətidir, mədəniyyətdir.
Əgər Güney Qafqaz uzunmüddətli sülh istəyirsə, bölgənin təhlükəsizlik arxitekturundan savayı, sülh mədəniyyətinə də ehtiyacı vardır.
Azərbaycanla Ermənistan arasında artıq ticarət və tranzit bağlarının ilkin praktik örnəklərinin yaranması, birbaşa dialoqun davam etməsi bu baxımdan diqqətəlayiq yeni gerçəklikdir.
Sülhün ən sağlam təminatlarından biri onun pozulmasını hər kəs üçün anlamsız edən qarşılıqlı faydadır.
Gəlin yenə Cəbrayıla qayıdaq.
Bəlkə də, Cəbrayılın tarixi missiyası 4 oktyabr 2020-ci ildə tamamlanmadı… elə həmin gün başladı. O gün Cəbrayıl savaşın yönünü dəyişən şəhər oldu. İndi isə o, sülhün coğrafiyasını dəyişən şəhərlərdən biri ola bilər.
Cəbrayıldan keçən yol Zəngilana, Qubadlıya, Naxçıvana uzandıqca yalnız asfalt uzanmır. Azərbaycanın iqtisadi nəfəsi uzanır.
Qarabağla Zəngəzurun gündoğarı bir-birinə daha sıx bağlanır.
Xəzər hövzəsi ilə Anadolu arasındakı məsafə qısalır.
Türk dünyasının ayrı düşmüş coğrafi parçaları bir-birinə yaxınlaşır.
Gündoğarla Günbatar arasında yeni bağlantı yaranır.
Beləcə, bir zamanlar cəbhə xəttinə yaxın şəhər olan Cəbrayıl qovşaq şəhərə çevrilir.
Tarixin paradoksuna baxın:
Bir vaxt ayırıcı xəttin yanında yerləşən şəhər indi birləşdirici xətlərin qovşağındadır.
Ona görə 4 Oktyabr yalnız keçmişə baxılan gün olmaqdan elə ilk gündən çıxıb.
Əlbəttə, həmin gün şəhidlərimizi anır, əsgərimizin şücaətini qürurla vurğulayırıq.
İyirmi yeddi illik ayrılığın ağrısını yada salırıq, əlbəttə.
Dağıdılmış evləri, məktəbləri, məscidləri, qəbiristanlıqları unutmuruq. Unutmaq olmaz.
Ancaq yaddaşın yalnız keçmişə baxmaq üçün olmadığını da bilirik. –
Yaddaş gələcəyi düzgün qurmaq üçündür.
Cəbrayıl bizə qəribə dərəcədə bütöv bir Azərbaycan hekayəsi danışır:
işğal – Dirəniş – Zəfər – Qayıdış – Quruculuq – Bağlantı – Sülh… –
Bəlkə yeni Güney Qafqazın düsturu da elə budur?
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, indi qarşıda daha çətin, daha uzun bir iş vardır:
Zəfərin yaratdığı siyasi gerçəkliyi sülhün yaratdığı mədəni gerçəkliyə çevirmək! Bunun üçün yollarımız açıq, sərhədlərimiz güvənli, şəhərlərimiz canlı, kəndlərimiz abad, yaddaşımız ayıq, mədəniyyətimiz dərin olmalıdır.
Bəlkə onda Xudafərinin daş körpülərinə baxıb, tarixin körpünü bizə yalnız Arazın iki sahilini birləşdirmək üçün saxlamadığını anlayacağıq. – O körpü bizə bir fikir də əmanət edib:
Güclü dövlət sərhədini qoruyur, böyük mədəniyyət isə üfüq yaradır.
Cəbrayıl bu gün həm sərhəddir, həm yol; həm yaddaşdır, həm gələcək;
həm Qarabağa baxır, həm Zəngəzura; həm Arazın sahilindədir, həm böyük Avrasiyanın yolları üstündə…
2020-ci ilin 4 oktyabrında orada Azərbaycan bayrağı ucaldı; indi isə həmin bayrağın kölgəsində şəhər, o şəhərlə birlikdə yeni coğrafi anlam ucalır.
Cəbrayıl – Zəfərin coğrafiyasından sülhün coğrafiyasına açılan Azərbaycan qapısıdır…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
14:20 04.10.2026
Oxunuş sayı: 63