ADB Azərbaycanla "yaşıl investisiyalar" və karbon bazarları sahəsində əməkdaşlığı gücləndirməyə hazırdır
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın enerji sektoruna investisiya qoyuluşunu davam etdirməyə ümid edir.
Crossmedia.az xəbər verir ki, bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən XIII Beynəlxalq Xəzər Enerji Forumunda deyib.
"Biz ənənəvi olaraq Azərbaycanın enerji şəbəkələrinə investisiya yatırmışıq və bu işi davam etdirməyə ümid edirik. Düşünürəm ki, diqqət yetirilməli olan daha bir sahə enerji saxlama ilə bağlıdır. Bilirəm ki, hökumət də bu məsələni nəzərdən keçirir və bu, investorları cəlb edə biləcək daha bir sahədir. Enerji keçidi çərçivəsində son dərəcə vacib olan üçüncü istiqamət enerji səmərəliliyidir. Söhbət təkcə enerji sistemlərindən getmir – müxtəlif sahələri, enerji sərfiyyatının yüksək olduğu sement istehsalı sahəsini nəzərdən keçirmək olar. Özəl investisiyalar hesabına emissiyaların azaldılması bu riskləri minimuma endirməyə kömək edir", - S.Camal bildirib.
Onun fikrincə, enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağın mümkün olduğu sudan istifadə və ya istilik sistemləri kimi ənənəvi və qeyri-ənənəvi sahələr də perspektivlidir: "Nəhayət, infrastrukturdan danışarkən, məsələn, "mavi" və ya "yaşıl" hidrogen sahəsində tədqiqatların inkişafını qeyd etmək lazımdır".
ADB nümayəndəliyinin rəhbəri qeyd edib ki, 25 ildən artıq müddət ərzində bank Azərbaycana 5,6 milyard ABŞ dollarına yaxın sərmayə yatırıb, bunun təxminən 4,4 milyard ABŞ dolları dövlət sektoruna, 1,2 milyard ABŞ dolları isə özəl sektora yönəldilib.
"Bərpa olunan enerji sektoruna gəlincə, siz risk və maliyyə alətlərini qeyd etdiniz - mən bunu beş əsas istiqamətdə nəzərdən keçirməyə üstünlük verirəm. Düşünürəm ki, investorlar üçün ən vacib məsələ siyasət və normativ-hüquqi mühitdir. Hesab edirəm ki, burada Azərbaycan hökumətinin mövqeyi çox aydındır: sizin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq və ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq kimi hədəfiniz var", - o bildirib.
S.Camal hesab edir ki, maraq doğuran digər istiqamət maliyyə bazarlarıdır.
"Əvvəllər qeyd edilmişdi ki, yerli səviyyədə beşillik maliyyə alətləri mövcuddur. Bizim qurumumuz kimi təsisatlar şirkətlərə "yaşıl istiqrazlar"ın buraxılması yolu ilə vəsait cəlb etməyə kömək edə bilər. Bankları sıxışdırmaq əvəzinə, belə istiqrazları almaqla kapitalın cəlb olunmasına və özəl investorların iştirakının təşviqinə kömək etmiş olarıq.
Şəxsən maraq göstərdiyim və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə üzərində işlədiyimiz digər bir istiqamət isə karbon qiymətqoymasıdır. Adıçəkilən CBAM mexanizmi (Aİ sərhədində karbon tənzimləməsi) gələcəyə baxa və karbon bazarlarını inkişaf etdirə biləcəyimiz başqa bir istiqamətdir".
Onun sözlərinə görə, ADB ayrı-ayrı layihələr üçün kredit gücləndirmə mexanizmlərini nəzərdən keçirir: "Zəmanətlər təqdim edə bilərik - təxminən 10 il əvvəl "Şahdəniz" qaz yatağı ilə də bağlı bu addımı atmışdıq. Həmçinin layihələrin hazırlanması zaman sığorta məhsullarından və girovlardan istifadə etmək olar. Əgər layihə risklərin azaldılmasını tələb edirsə, biz zəmanətlər daxil olmaqla xüsusi alətlər tətbiq edə bilərik".
14:46 29.10.2025
Oxunuş sayı: 1428