Azərbaycan avqust ayında Türkiyənin ikinci ən iri qaz tədarükçüsü olub
Azərbaycan 2025-ci ilin avqust ayında Türkiyəni ən çox təbii qazla təchiz edən üç tədarükçü arasında öz mövqeyini möhkəmləndirib.
Crossmedia.az bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadla xəbər verir.
Belə ki, hesabat dövrü ərzində Türkiyə Azərbaycandan 1,047 milyard kubmetr təbii qaz idxal edib ki, bu 2024-cü ilin avqust göstəricisi ilə müqayisədə 41,10 faiz çoxdur. Bununla da Azərbaycan, boru kəməri qazı tədarükçüləri arasında Rusiya Federasiyasından sonra ikinci yeri tutaraq aylıq tədarük həcminə görə İran İslam Respublikasını geridə qoyub.
Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 840,01 milyon kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövründəki 491,34 milyon kubmetrlə müqayisədə 70,97 faiz çoxdur. Rusiya Federasiyası isə ən böyük tədarükçü statusunu qoruyaraq avqust ayında 1,835 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 2,274 milyard kubmetrdən artıq olmuşdu.
Ümumilikdə, 2025-ci ilin avqust ayında Türkiyəyə təbii qaz idxalı 4,021 milyard kubmetrdən çox olub və bu, ötən ilin eyni dövründəki təxminən 3,893 milyard kubmetrlə müqayisədə 3,31 faiz artım deməkdir. Boru kəməri qazının idxalı 6,12 faiz artaraq təxminən 3,723 milyard kubmetr təşkil edib, mayeləşdirilmiş təbii qazın idxalı isə 22,35 faiz azalaraq 298,73 milyon kubmetr olub.
10:02 28.10.2025
Oxunuş sayı: 1058