Energetika naziri: Dron hücumlarının Qazaxıstanın qaz təminatına təsiri yoxdur

Rusiyanın “Orenburq” qaz emalı zavoduna PUA-larla hücuma görə enerji obyektinə Qazaxıstan qazının tədarükü müvəqqəti dayandırılıb, daxili bazarda qaz qıtlığı yoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.
Nazirin sözlərinə görə, Karaçaqan yatağından hasil olunan qazın emalı üzrə hazırda yeganə imkan Orenburq zavodudur və Qazaxıstanın illik təxminən 9 milyard kubmetr qazı burada emal olunur: “Hazırda Karaçaqan qazı “Orenburq” zavoduna nəql edilmir. Günlük təxminən 800 min kubmetr qaz tədarükü dayanıb. Bu, iqtisadi baxımdan müəyyən təsir göstərir, çünki ixracın bir hissəsi faktiki olaraq baş tutmur”.
Bununla belə, nazir qeyd edib ki, Qazaxıstanın daxili bazarında qaz və ya istiliklə təminatda heç bir problem yoxdur: “Bu məsələ daxili bazara təsir etməyəcək. Əlavə qaz tədarükü alətləri nəzərdə tutulub və istilik obyektlərinin işi üçün risk yoxdur. Rəsmi olaraq bildirirəm: dron hücumlarının qaz təminatına təsiri yoxdur”.
Nazir onu da əlavə edib ki, Karaçaqan qazının alternativ emalı imkanları ölkə daxilində mövcud deyil. Buna görə də hazırda “KazMunayQaz” tərəfindən Karaçaqan yaxınlığında yeni bir qaz emalı zavodunun tikintisi ilə bağlı işlər aparılır: “Hazırda yeni zavodun texniki parametrlərinin mövcud infrastrukturla uyğunlaşdırılması üzrə işlər aparılır. Qərar qəbul olunub, bu layihə “KazMunayQaz” tərəfindən öz resursları ilə həyata keçiriləcək”.
Nazir qeyd edib ki, Qazaxıstanın qərb bölgələrində, o cümlədən Aktobe, Manqistau və Qərbi Qazaxıstan vilayətlərində qaz təchizatı ilə bağlı vəziyyət stabildir: “Aktobe vilayətində sıxılmış maye qaz üzrə iki günlük ehtiyat var. Həmçinin onu da başa düşmək lazımdır ki, təbii qaz və sıxılmış maye qaz fərqli istiqamətlərdə istifadə olunur: biri istilik və enerji, digəri nəqliyyat sektoru üçündür”.
Akkenjenov onu da əlavə edib ki, dron hücumları ilə bağlı müvafiq danışıqları Qazaxıstan Energetika Nazirliyi deyil, digər aidiyyəti strukturlar həyata keçirir. Bu, xüsusilə Ukrayna ilə əlaqəli məsələlərə aiddir.
Qeyd edək ki, bir müddət əvvəl Orenburq vilayətində qaz emalı zavodu PUA hücumuna məruz qalıb.
11:00 21.10.2025
Oxunuş sayı: 819