Təklif: Bakıda yerüstü metro sistemi tətbiq olunsun

Bu il oktyabrın birindən metroda gediş haqqının 60 qəpik müəyyənləşdirilməsinə baxmayaraq, Bakı metrosunda texniki nasazlıqlar, uzun intervallar və sıxlıq halları getdikcə daha çox müşahidə olunur. Sərnişinlərin artması, köhnəlmiş naqillərin və dəmiryollarının vaxtında yenilənməməsi bu problemləri daha da dərinləşdirib. Bu isə ciddi narazılıqlara səbəb olur. Əgər qiymətin artması keyfiyyətin yaxşılaşmasına hesablanmışdısa, onda bu anormal durum nə ilə izah olunmalıdır?
Bu barədə Crossmedia.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, metroda xidmətin yenilənməsi ləng gedir. Yeni vaqonların alınması və xətlərin təmiri illərlə vaxt tələb edir: "İldə bir- iki vaqonla böyük dəyişiklik gözləmək real deyil. Bununla yanaşı, yaxın vaxtlarda taksi sahəsində də məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Hazırda 70 mindən çox taksi fəaliyyət göstərdiyi halda, bu sayın 25 minə endirilməsi nəzərdə tutulur. Bu qərar qüvvəyə minərsə, taksilərin çatma müddəti uzanacaq, nəticədə insanlar yenidən metrodan daha çox istifadə etməyə məcbur qalacaqlar.
A.Nəbiyev bildirib ki, yerin altında metroda, yerin üstündə isə avtomobil yollarında xaos və tıxaclar daha da artmaq ehtimalı var: "Şəhərdə tıxacların əsas səbəbi kimi nəqliyyatın düzgün tənzimlənməməsi, işıqfor problemləri, rayonlardan və turistlərdən gələn insan axını göstərilir. Məsələnin həlli üçün 2040-cı ilə qədər yeni metro xətlərinin və stansiyaların istifadəyə verilməsi planlaşdırılsa da, bu istiqamətdə işlərin ləng getdiyi bildirib.
Ekspert təklif edib ki, Rusiyada olduğu kimi Bakıda da yerüstü metro sistemi tətbiq oluna bilər: "Belə infrastruktur həm daha tez quraşdırıla, həm də şəhərdaxili nəqliyyat yükünü azalda bilər".
Fidan Quliyeva
16:39 16.10.2025
Oxunuş sayı: 1335