Bakıda 30-cu Xəzər tikinti həftəsi keçirilir

Bakıda 30-cu Xəzər tikinti həftəsi keçirilir.
Crossmedia.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər Tikinti Həftəsi – Caspian Construction Week 2025 keçirilir. Tədbir regionun tikinti və infrastruktur sahəsində ən böyük beynəlxalq sənaye platformalarından biri hesab olunur.
Həftə çərçivəsində “BakuBuild”, “Rebuild Karabakh”, “Aquatherm Baku”, “Plastex Caspian” və “Road & Traffic” kimi ixtisaslaşmış sərgilər bir araya gətirilib. Bu il “BakuBuild” sərgisi 30 illik, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.
Tədbirdə 17 ölkədən yüzlərlə şirkət iştirak edir. Sərgilərdə tikinti materialları, mühəndislik və kommunikasiya sistemləri, nəqliyyat infrastrukturu, eləcə də Qarabağın bərpası və “yaşıl” şəhərsalma istiqamətində innovativ həllər təqdim olunur.
Xəzər Tikinti Həftəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Prezident İlham Əliyev ənənəvi olaraq sərginin iştirakçılarına müraciət ünvanlayıb, tədbirin ölkənin tikinti sektorunun inkişafında, xüsusilə azad edilmiş ərazilərin bərpasında əhəmiyyətini vurğulayıb.
Həftə çərçivəsində biznes görüşləri, panel müzakirələr və ianə kampaniyaları təşkil olunur, Qarabağın bərpası və regionun dayanıqlı inkişafı ilə bağlı yeni təşəbbüslər müzakirə edilir.
Üç onillik fəaliyyət dövründə Xəzər Tikinti Həftəsi regionun inşaat sənayesində əsas əməkdaşlıq platformasına çevrilib, Azərbaycan iqtisadiyyatının innovasiya və inkişaf potensialının beynəlxalq səviyyədə nümayişinə mühüm töhfə verib.
Elmir Heydərli
12:19 15.10.2025
Oxunuş sayı: 1205