ADPU-nun Quba filialında beynəlxalq təlim-seminarlar keçirilir

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv təhsil və STEАM texnologiyaları: Beynəlxalq təcrübə və qabaqcıl təhsil modelləri” mövzusunda beynəlxalq təlim-seminarlara başlanılıb.
Crossmedia.az xəbər verir ki, oktyabrın 19-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşları Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki Pedaqoji bacarıqlar mərkəzləridir.
Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiramla anıblar.
ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən dahi şəxsiyyətin Türk dünyasının birliyi və həmrəyliyi istiqamətindəki məqsədyönlü fəaliyyəti barədə geniş məlumat verib.
Sonra Quba Şəhidlər Xiyabanı ziyarət olunub. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üzərinə tər çiçəklər düzülüb.
Tədbirdən əvvəl beynəlxalq tədbirin iştirakçıları ADPU-nun Quba filialında “Azərbaycan Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi” və “Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası” və filialda Özbəkistanın tarixini əks etdirən guşələrlə tanış olublar.
“İnklüziv təhsil və STEАM texnologiyaları: Beynəlxalq təcrübə və qabaqcıl təhsil modelləri” mövzusunda beynəlxalq təlim-seminarların rəsmi açılış mərasimində ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Anar Məmmədov, Özbəkistan Respublikası Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov və Özbəkistanın Fərqanə vilayətinin Pedoqoji Bacarıqlar Mərkəzinin kafedra müdiri Xodiqəxon Xoşimovanın çıxışları dinlənilib.
Prosesin birinci günü iştirakçılara “İnklüziv təhsil” mövzusunda ilk təlimlər keçirilib.
Özbəkistandan olan pedaqoji heyət səfər çərçivəsində Qubanın təbiəti, turistik imkanları, həmçinin bölgənin sosial həyatı ilə yaxından tanış olacaq.
16:54 13.10.2025
Oxunuş sayı: 1161