“Baş” tamaşasının premyerası keçirilib

Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən
“Baş” tamaşasının premyerası görkəmli yazıçının xatirəsinə ithaf olunub. Tamaşa
həm tarixi hadisələri, həm də insanın mənəvi-psixoloji təlatümlərini bədii dillə
səhnəyə daşıyır.
Crossmedia.az xəbər verir ki, Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi
Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı
Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərlidir.
Tamaşanın rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Əsərin hadisələri XIX əsrin əvvəllərində, Cənubi
Qafqazın Rusiya imperiyası tərəfindən işğalı dövründə baş verir. Rejissorun
konsepsiyasında Sisianovun başının metafizik səyahəti yalnız bir fiziki hadisə
deyil, bu, xalqların, liderlərin və fərdlərin taleyində “böyük güc” qarşısında
seçim anını göstərən bədii simvoldur.
Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi
səhnə üçün mərkəzi xətt təşkil edir. Bu süjet xətti üzərindən tamaşa tarixi
faktları fəlsəfi dərinliklə təhlil edir, insanın iç dünyasında baş verən
ziddiyyətləri önə çəkir. Ələkbərzadənin rejissor yanaşmasında hadisələr yalnız
bir dövrü əks etdirmir, həm də zamanlararası suallar doğurur: “Birləşə bilməyən
toplumlar tarix qarşısında nə qədər gücsüzdür?” və “İnsan kritik anlarda hansı
tərəfi seçir; vicdanı, yoxsa mənafeyi?”
Tamaşada çıxış edən aktyor heyəti həm peşəkarlığı, həm
də obrazlara fərdi yanaşması ilə diqqət çəkir.
Xalq artisti Rafiq Əzimov (Molla Müzəffər ağa) və
Hacı İsmayılov (Münşi Məşədi Həsənağa) səhnəyə milli mentalitetin və
müdrikliyin müxtəlif çalarlarını gətirirlər.
Kazım Abdullayevin Hüseynqulu xan obrazı öz güc və tərəddüd
ziddiyyətləri ilə tamaşa boyu dramatik xəttin daşıyıcısına çevrilir.
Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov) və
Vəfa Rzayeva (Çariça Mariya) isə əsərin ideya yükünü beynəlmiləl ölçüyə
qaldıraraq, imperiya və insan münasibətlərinin faciəvi dərinliyini göstərirlər.
Əsərdəki “baş” motivi yalnız Sisianovun fiziki başı deyil, o, bir dövrün, bir millətin və bir düşüncə tərzinin metafizik təcəssümüdür. Mehriban Ələkbərzadənin rejissor yozumu bu simvolu tarix, zaman və insanın daxili mübarizəsi prizmasından göstərir.
Nəticə etibarilə “Baş” tamaşası Azərbaycan teatrında tarixi janrın bədii-fəlsəfi inkişafına yeni baxış gətirir. Tarixi faktın arxasında insanın varlıq suallarını axtaran bu səhnə işi həm milli kimliyə, həm də universal dəyərlərə işıq tutur.
Ayan Sədi
19:12 28.09.2025
Oxunuş sayı: 1952