Dini mərasimlərlə bağlı yeni yanaşmalar ortaya qoyulmalıdır- TƏKLİF

Dövrümüzdə ehsan və yas mərasimləri cəmiyyətimizdə müzakirə mövzusuna çevrilib. Ehsanın yalnızca yemək və içmək olmadığını həmçinin müxtəlif savablar ilə də edilə biləcəyini hər kəs tərəfindən aydın şəkildə bilinir. Bu məsələ zaman- zaman müxtəlif səviyyələrdə gündəmə gəlir. Amma hələ də həllini tapmır…
Sosioloq Rəvan Əliyevin Crossmedia.az-a açıqlamasında eyib ki, ehsan sözünün mənası yaxşılıq etmək, yardım etmək anlamına gəlir və bu anlayış İslam dinində də bu məna ilə istifadə olunur: “Müasir texnoloji və urbanizasiyaya əsaslanan cəmiyyətlərdə dini və sosial rituaların forması transformasiyaya uğrayır, amma bu transformasiya həmişə pozitiv nəticələr vermir. Belə ki, Azərbaycan cəmiyyətində ehsan – xüsusilə yas mərasimləri kontekstində – artıq daha çox yemək-içmək, süfrə açmaqla assosiasiya olunur. Bu isə zamanla dini motivli bir əməli sosial ənənəyə çevirmişdir."
Həmçinin sosioloq dini ayinlərin əhəmiyyətinə toxunub: "Emil Durkheim yazırdı ki, dini ayinlər cəmiyyətin kollektiv yaddaşını qoruyur və insanlar arasında həmrəyliyi təmin edir. Lakin bu zaman ritualın forması mahiyyətin qarşısına keçərsə, ilkin mənalar itə bilər. Məhz bu gün ehsan mərasimlərində də formanın – yəni süfrənin, yeməyin – mahiyyətin – yəni rəhmətə gedən insanın ruhuna dua, xeyirxahlıq – qarşısında dominantlaşdığını görürük."
Sonda ekspert kənd ehsanları ilə şəhər ehsanları arasındakı fərq barədə danışıb: "Əvvəllər kəndlərdə və icmalarda daha təbii və sadə şəkildə keçirilən ehsanlar, bu gün şəhər mühitində formallaşmış, texniki servisə çevrilmiş bir mərasim növünə bənzəyir: sifariş edilən yeməklər, tədbir evləri, qonaq siyahıları, sosial şəbəkələrdə paylaşılan şəkillər və s. Bu isə duanın, mərhəmətin, xatirənin yerini yavaş-yavaş sosial performansa çevrilmə riskini artırır. Düşünürəm ki, din xadimləri, ilahiyyatçılar və tədqiqatçılar birlikdə müasir urban sivilizasiyada dini mərasimlərin mahiyyətini və formasını izah edən yeni yanaşmalar ortaya qoymalıdır”.
Zahid Məmmədli
21:20 25.09.2025
Oxunuş sayı: 869