Azərbaycanda uşaqlar üçün məhsul təhlükəsizliyinə dair texniki reqlament ictimai müzakirəyə çıxarılacaq

Azərbaycanda "Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında", "Oyuncaqların təhlükəsizliyi haqqında", "Uşaq və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında" texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ictimai dinləmə və müzakirə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sentyabrın 30-da saat 11:00-da "Bakı KOB evi"ndə baş tutacaq.
Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər: https://us06web.zoom.us/j/85737355196?pwd=fappBDMWwPqubsDYw39cDVKPSQIakE.1
Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq. İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlil edilməsi, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiq olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.
Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin "Qanunvericilik" bölməsinin "Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi" alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib.
15:37 25.09.2025
Oxunuş sayı: 854