DİQQƏT: Nəqliyyatda gediş haqqının ödənilməsi qaydaları dəyişir

Son illərdə Azərbaycanda ictimai nəqliyyat
sahəsində aparılan islahatlar və yeniliklər dövlətin nəqliyyat strategiyasının əsas
istiqamətlərindən birinə çevrilib. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin
müavini Rəhman Hümmətovun sözlərinə görə, bu dəyişikliklər sərnişinlərin gündəlik
həyatında mühüm şəkildə hiss olunacaq. İslahatlar ictimai nəqliyyat xidmətlərinin
daha rahat, səliqəli və əlçatan olmasına, həmçinin hərəkət cədvəllərinə ciddi
riayət edilməsinə yönəlib.
Nəticədə, insanlar şəxsi avtomobildən
daha az istifadə edərək ictimai nəqliyyata üstünlük verəcək, bu isə yollardakı
sıxlığın azalmasına, ekoloji vəziyyətin yaxşılaşmasına və yol hərəkətinin təhlükəsizliyinin
yüksəlməsinə şərait yaradacaq. Aparılan tədbirlər sürücülərin iş şəraitinin
yaxşılaşdırılmasına, nəqliyyat vasitələrinin texniki təhlükəsizliyinin
artırılmasına da xidmət edir. Beləliklə, ölkədə ictimai nəqliyyatın modernləşdirilməsi
sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, ekoloji və sosial baxımdan da
müsbət təsirlər doğuracaq.
Mövzu barədə nəqliyyat eksperti Elməddin
Muradlı Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırda ictimai nəqliyyatın
inkişafı ilə bağlı çox geniş planlar mövcuddur: “Yeni avtobusların gətirilməsi,
intervalın qısaldılması, gediş haqlarının diferensiallaşdırılması və digər
vacib elementlər, hətta güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu güzəştlər müəyyən
kateqoriyadan olan insanların — əsasən tələbələrin və təqaüdçülərin — ictimai nəqliyyatdan
daha sərfəli istifadə etməsinə imkan yaradacaq. Onlar üçün yeni imkanların yaradılması
planlaşdırılır".
Ekspertin sözlərinə görə, bu proses
müəyyən vaxt tələb edəcək, çünki güzəştlərin tətbiqi üçün ictimai nəqliyyatın
tam olaraq nağdsız ödəniş sisteminə keçməsi vacibdir. Bununla yanaşı, məsafəyə
görə gediş haqqının hesablanması da gündəmdədir:
“Məsələn, bir avtobus 10 km məsafə qət
edir və bu məsafəyə görə 70 və ya 50 qəpik ödənilir. Amma kimsə həmin avtobusa
minib cəmi bir-iki dayanacaq gedir və eyni məbləği ödəyir. Bu, müəyyən
narazılıqlara səbəb olur. Halbuki dünya təcrübəsində məsafəyə görə ödəniş
mexanizmi geniş tətbiq olunur və ədalətli hesab edilir".
Elməddin Muradlı qeyd edib ki,
planlaşdırılan dəyişikliklərdən biri də bir ödənişlə müəyyən vaxt ərzində (məsələn,
bir saat) bütün ictimai nəqliyyat növlərindən istifadə imkanıdır:
“Məsələn, Buzovnadan avtobusla
‘Koroğlu’ nəqliyyat qovşağına gəlirsiniz, sonra metrodan istifadə edirsiniz —
artıq əlavə ödəniş etməyə ehtiyac qalmır. Və ya ‘Koroğlu’ qovşağında avtobusu dəyişib
digər marşruta minirsiniz, yenə də əlavə haqq tutulmur".
Ekspert vurğulayır ki, bütün bu
yeniliklərin icrası vaxt tələb etsə də, onların tətbiqi ilə sərnişinlər daha
rahat, əlverişli və müasir ictimai nəqliyyat xidmətindən istifadə edə biləcəklər.
Mehriban Yariyeva
18:47 24.09.2025
Oxunuş sayı: 1329