Nazir: Zəngəzur dəhlizi Xəzərdən və Mərkəzi Asiyadan enerji tədarükü üçün unikal marşrut olacaq

Zəngəzur dəhlizinin açılması Naxçıvan üzərindən Türkiyəyə və beynəlxalq bazarlara Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də "yaşıl enerji"nin tədarükünü təmin edəcək unikal marşrut vəd edir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün İzmir şəhərində keçirilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, geniş bir coğrafiyanın enerji xəritəsini formalaşdıran layihələrdən biri olan İğdır-Naxçıvan qaz kəməri də Azərbaycan və Türkiyənin birgə güclü siyasi iradəsinin nəticəsi kimi reallaşıb:
"İğdır-Naxçıvan qaz kəməri Naxçıvanla Türkiyə arasında quru xətti üzrə birbaşa təbii qaz təchizatını təmin etməklə yanaşı, ötürücülük gücünün artırılması sayəsində əks axına da imkan yaradır. Bu kəmər Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır. Zəngəzur dəhlizi isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz yol olmaqla yanaşı, enerji və kommunikasiya baxımından Türkiyə və türk dövlətləri ilə münasibətlərimizə əlavə güc qatacaq, ölkələrimizi Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək".
P. Şahbazov əlavə edib ki, Prezident İlham Əliyevin sözləri ilə desək, yaxın illərdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin vacib halqasına çevriləcək, bölgədə sülhü və çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək və Azərbaycanın şərqindən qərbinə, şimalından cənubuna qədər bütün qonşu ölkələrə fayda gətirəcək.
14:23 04.09.2025
Oxunuş sayı: 832