Milli Kitabxanada Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə tədbir keçirilib








Milli Kitabxanada Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın 90 illiyinə hsər olunmuş tədbir keçirilib.
Bu barədə Crossmedia.az-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov şairin yaradıcılığından söhbət açıb. Vurğulayıb ki, şairin 90 illiyi münasibətilə “Fikrət Qoca. Biblioqrafiya” kitabı hazırlanıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid Fikrət Qoca ilə bağlı xatirələrini bölüşüb. “Şairi şəxsən tanımamışdan əvvəl də şeirlərinə heyran idim. Fikrət Qoca ilə birlikdə çalışıb, bir çox səfərlərdə yol yoldaşı olmuşuq. Fikrət Qoca gözəl insani keyfiyyətlərə sahib olub. O, xüsusilə də gənclərə diqqət göstərib. Şeirləri Azərbaycan ədəbiyyatında əbədi olaraq yaşayacaq”,- deyə R.Məcid əlavə edib.
AYB-nin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağasəs, şairə Aybəniz İsmayılova çıxışlarında Fikrət Qocanı Azərbaycan poeziyasında öz dəsti-xətti olan novator şair, obyektivlik simvolu kimi xarektirizə ediblər.
Xalq şairi Fikrət Qocanın bacısı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkür edib.
Sonra ktabxana əməkdaşlarının hazırladığı “Xalq şairi Fikrət Qoca” adlı elektron məlumat bazasının (https://anl.az/el/emb/Fikret_Qoca/index.html) və virtual sərginin (https://anl.az/el/vsb/Fikrat_Goja_90/index.htm) təqdimatı olub.
Həmçinin tədbir iştirakçıları “Xalq şairi Fikrət Qoca-90” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
15:41 22.08.2025
Oxunuş sayı: 867