Azərbaycan–Mərkəzi Asiya ticarəti 50 faizdən çox artıb: Yeni investisiya mərhələsi başlayır
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri son dövrdə nəzərəçarpacaq dinamika nümayiş etdirir. Ötən il Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması bu münasibətlərin artıq yalnız siyasi və diplomatik əməkdaşlıq çərçivəsində qalmadığını göstərir. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir, Azərbaycan isə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür.
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən qeyd edib ki, növbəti mərhələdə məqsəd yalnız qarşılıqlı ticarətin artırılması olmamalıdır. Dövlət başçısı birgə investisiyaların yatırılması, yeni istehsal sahələrinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi və Azərbaycanla Mərkəzi Asiya ölkələrinin birlikdə xarici bazarlara çıxmasının vacibliyini vurğulayıb. Bu yanaşma iqtisadi münasibətlərin ticarət dövriyyəsindən daha geniş – investisiya və birgə istehsal mərhələsinə keçməsinə hesablanıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişlənməsi ölkə üçün yeni investisiya, ticarət və istehsal imkanları yaradır.
"C6 formatında keçirilən zirvə toplantısı Azərbaycanın regional diplomatiyada artan rolunu göstərməklə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm platformadır. Onun sözlərinə görə, Azərbaycan artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yalnız coğrafi körpü deyil, siyasi və iqtisadi əlaqələrin formalaşmasında fəal aktor kimi çıxış edir".
Azər Badamov bildirib ki, Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı siyasi etimadın güclənməsi, nəqliyyat və logistika layihələri, enerji əməkdaşlığı və Orta Dəhlizin inkişafı Azərbaycanın strateji əhəmiyyətini artırır. Bunun iqtisadi nəticələri isə qarşılıqlı investisiyaların artması, yeni birgə müəssisələrin yaradılması, ticarət dövriyyəsinin genişlənməsi və birgə istehsal olunan məhsulların üçüncü bazarlara çıxarılması ola bilər.
“Bu gün Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə yüzlərlə şirkətin fəaliyyət göstərməsi, eyni zamanda Azərbaycan şirkətlərinin Mərkəzi Asiya bazarlarına daxil olması iqtisadi əlaqələrin artıq yeni mərhələyə keçdiyini göstərir. Qarşılıqlı investisiyaların artması isə gələcəkdə birgə istehsal müəssisələrinin sayının daha da çoxalmasına imkan verə bilər.
Ticarət dövriyyəsindəki artım da müsbət dinamikanı göstərir. Amma hesab edirəm ki, mövcud potensial bundan daha böyükdür. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə eyni platformada tamhüquqlu üzv kimi təmsil olunması bu ölkələrlə iqtisadi əməkdaşlığı daha institusional və sistemli mərhələyə çıxara bilər.
Burada bir neçə istiqamət xüsusilə əhəmiyyətlidir. İlk növbədə enerji və yaşıl enerji layihələri, daha sonra Orta Dəhliz və rəqəmsal bağlantılar, logistika, yüksək texnologiyalar və qeyri-neft sektorunda birgə istehsal layihələri ön plana çıxa bilər”.
Xüsusilə yaşıl enerji sahəsində Mərkəzi Asiyanın enerji potensialı ilə Azərbaycanın enerji infrastrukturu və Avropa bazarlarına çıxış imkanlarının əlaqələndirilməsi yeni iqtisadi imkanlar yarada bilər. Rəqəmsal dəhlizlərin inkişafı isə elektron ticarət və rəqəmsal xidmətlərin genişlənməsinə şərait yarada bilər.
Azər Badamov qeyd edib ki, C6 formatına yalnız diplomatik platforma kimi yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, əsas məsələ siyasi və diplomatik imkanların konkret iqtisadi layihələrə çevrilməsidir.
“C6 Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığının yeni mərhələsinə keçidi üçün mühüm platformalardan birinə çevrilə bilər”.
Zeynəb Həsən
20:50 08.10.2026
Oxunuş sayı: 149