Meksikada güləş şousunda faciə: Hakim rinqdə həyatını itirdi
Meksikada keçirilən güləş nümayişi faciə ilə nəticələnib. Hidalgo ştatında təşkil olunan qarşılaşma zamanı “El Búho” ləqəbi ilə tanınan hakim Gerardo German Pineda rinqdə hərəkətsiz vəziyyətdə qalıb və həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə Deportivo 11 de Julio-da keçirilən güləş şousunun əsas qarşılaşması zamanı baş verib.
“El Hijo de Fishman” ilə “Mascara Sagrada NG” arasındakı görüşü idarə edən Pineda şounun bir hissəsi olaraq nümayiş etdirilən fiziki hərəkətlərə də qoşulub. Qarşılaşma zamanı baş verən hadisədən sonra hakim yerə yıxılıb və rinqdə hərəkətsiz qalıb.
Pinedanın ayağa qalxmadığını görən təşkilatçılar qarşılaşmanı dayandıraraq tibbi yardım çağırıblar. Rinqdə ilk müdaxiləni edən həkimlər hakimin həyati əlamətlərinin olmadığını müəyyənləşdiriblər.
Hadisə ilə bağlı ilkin ehtimallardan biri Pinedanın “piledriver” adlı güləş fəndinin tətbiq edildiyi epizodda iştirak etməsi ilə bağlıdır. Sözügedən fənd zamanı rəqib başıaşağı vəziyyətdə saxlanılaraq yerə endirilir.
Hakimin ölümünə məhz bu hərəkətin səbəb olub-olmadığı isə hələlik təsdiqlənməyib. Ölümün dəqiq səbəbinin aparılacaq tibbi və hüquqi araşdırmalardan sonra müəyyənləşdiriləcəyi bildirilir.
Hadisə ilə bağlı hüquqi prosedurların başladığı da qeyd olunub.
22:08 08.10.2026
Oxunuş sayı: 61