Batan gəmidə son itkinin tapılması üçün axtarışlar davam etdirilir
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə Limanı ilə Mersindəki Taşucu Limanı arasında hərəkət edən “Filo Jet” sürətli sərnişin gəmisinin batmasından sonra son itkin şəxsin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Avqustun 30-da Girnə sahillərində batan gəmidə itkin düşənlərin axtarışını aparan “Derinsu” sualtı mühəndislik şirkətinin nümayəndəsi Okan Taktak bildirib ki, gəminin qalıqları qəzanın ilk günü 554 metr dərinlikdə müəyyən edilib.
Onun sözlərinə görə, ilk həftə ərzində bütün işlər batmış gəminin daxilində aparılıb. Dağıntılar arasındakı əşyalar təmizləndikdən sonra ilk meyit aşkarlanaraq sudan çıxarılıb.
Taktak bildirib ki, gəminin daxilində daha çox şəxsin qalmadığına əmin olduqdan sonra onun sonuncu dəfə göründüyü nöqtədən təxminən 2,3 kilometr şimal istiqamətində dəniz dibində ərazi axtarışlarına başlanılıb.
Qəzanın baş verməsindən təxminən 4 həftə sonra 14 nəfərlik itkin siyahısında olan şəxslərdən 13-nün meyiti tapılaraq aidiyyəti qurumlara təhvil verilib.
Taktak axtarışların böyük dərinlikdə aparılması səbəbindən yüksək texnologiyadan istifadə edildiyini və mühəndis və pilotların təcrübəsinin mühüm rol oynadığını qeyd edib.
O, sonuncu meyitin təxminən 650 metr dərinlikdən çıxarıldığını bildirib. Taktak bunun Türkiyənin dənizçilik tarixində ən böyük dərinlikdən çıxarılan meyitlər olduğunu vurğulayıb.
Axtarışlar zamanı gəminin “qara qutu” kimi tanınan “Voyage Data Recorder” (VDR) cihazı da tapılaraq aidiyyəti qurumlara təhvil verilib.
Taktak bildirib ki, ekipaj və mühəndislər 24 saatlıq rejimdə çalışaraq indiyədək 13 meyitə çatıb. Onun sözlərinə görə, axtarış işlərinin başa çatmasına iki gün qalıb və bütün ərazinin tam yoxlanılması planlaşdırılır.
Axtarışlar çərçivəsində təxminən 5,5 milyard kubmetr dəniz suyunun su sütunu məlumatları, 10 milyon kvadratmetr dəniz dibi və 1,6 milyon kvadratmetr vizual sahə üzrə tarama aparılıb.
Qeyd edək ki, qəza nəticəsində 27 nəfər həyatını itirib.
03:15 09.10.2026
Oxunuş sayı: 60