Komitə sədri Nurəddin Mehdixanlını 70 illik yubileyi münasibətilə təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Xalq artisti, tanınmış ictimai və sənət xadimi Nurəddin Mehdixanlını 70 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik məktubunda görkəmli aktyorun Azərbaycan teatr və kino sənətində onillər boyunca davam edən yaradıcılıq yolunun özünəxas aktyor məktəbi, parlaq xarakterlər və milli-mənəvi yaddaşla səsləşən obrazlarla zəngin olduğu vurğulanıb.
Fazil Mustafa Nurəddin Mehdixanlının Ədil İsgəndərov kimi böyük sənətkarın kursunda təhsil almasını, 1978-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlamasını xatırladaraq, onun Vaqif, Cavad xan, Əmir Teymur, Hacı Zeynalabdin Tağıyev, Şeyx Nəsrullah, Yedigey və başqa mürəkkəb xarakterləri səhnədə uğurla canlandırdığını qeyd edib. Kino və televiziya yaradıcılığında Bayandur xan, Əhməd Cavad və Cavad xan kimi milli yaddaşla bağlı obrazların özəl yer tutduğu bildirilib.
Təbrikdə Xalq artistinin sənət fəaliyyəti ilə vətəndaş mövqeyinin vəhdətinə ayrıca diqqət çəkilib. Xalqımızın taleyüklü dönəmlərində ictimai proseslərdən qıraqda qalmaması sənətkarın cəmiyyət həyatındakı fəal mövqeyinin göstəricisi kimi dəyərləndirilib.
Komitə sədri teatrın vətəndaş cəmiyyətinin ən qədim tribunalarından biri olduğunu vurğulayaraq bildirib:
“Səhnədə deyilən söz bəzən ictimai düşüncəyə uzun nitqlərdən daha güclü təsir göstərir. Aktyor yaratdığı obraz vasitəsilə insanı vicdan, ədalət, azadlıq, ləyaqət, Vətən və tarix qarşısında məsuliyyət haqqında düşünməyə çağırır. Milli teatrın gücü də cəmiyyətin mənəvi yaddaşını oyatmasında və yaşatmasındadır”.
Fazil Mustafa Nurəddin Mehdixanlının zəngin səhnə təcrübəsinin, milli sənətə bağlılığının və fəal vətəndaş mövqeyinin gənc sənətçilər üçün bundan sonra da dəyərli örnək olacağına inamını ifadə edib.
Təbrikin sonunda deyilir:
“Sizi 70 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, Azərbaycan teatrının böyük səhnəsində yeni yaradıcılıq uğurları arzulayıram!
Yubileyiniz mübarək!”
17:06 08.10.2026
Oxunuş sayı: 161